Rusiya terrorçularla danışıqlar apardığını təsdiqlədi

12-11-2018, 17:26           
Rusiya terrorçularla danışıqlar apardığını təsdiqlədi
Əfqanıstanda bitmək bilməyən vətəndaş müharibəsinə Rusiya yenidən aktiv iştirkaçı kimi daxil olub. Rəsmi Moskva hətta düşmən tərəflər arasında “moderatorluq” funksiyasını üzərinə götürüb.

Xəbər verildiyi kimi, noyabrın 9-da, Moskvada qapalı format üzrə Əfqanıstanla bağlı danışıqlar keçirilib.

İlk dəfə burada “Taliban” hərəkatının Dohadakı siyais ofisinin nümayəndəliyi də iştirak edib. Əfqanıstanın özündən isə Yüksək Sülh Şurasını təmsil edən şəxslər qatılıb. Əfqanıstan Xarici İşlər Nazirliyi indidən həmin adamların hökuməti təmsil etmədiyini bəyan edib.

Rusiya isə terrorçuların Moskvaya dəvət edilməsində qəribə heç nə görmür.

“Əfqanıstanda sülhə nail olmaq naminə “Taliban” hərəkatı ilə kontaktların qurulmasında heç bir pis iş yoxdur”,- deyə Rusiya prezidentinin Əfqanıstan üzrə nümayəndəsi, Xarici İşlər Naziriyinin 2-ci departamentinin (Asiya) direktoru Zamir Kabulov “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, Moskvada keçirilən ikinci məsələhətləşmələr zamanı taliblər amerikalılarla da onlarla görüş keçirdiklərini söyləyiblər.

“Meydanda oyunçuların, xüsusilə nüfuzlu oyunçuların hər iki tərəflə müzakirələr aparması normal görünməlidir”,- deyə Rusiya tərəfi mövqeyini belə izah edib.

Z.Kabulov Rusiyanın taliblərin Əfqanıstanın siyasi həyatında iştirakına pis baxmadığını deyib: “Taliblər danışıqlarda tam hüquqlu tərəf olmaq istəyirlər. Bizimsə buna heç bir mənfi rəyimiz yoxdur. Bu əfqan xalqının öz seçimidir”.

Qeyd olunur ki, “Taliban” hərəkatının son illərdə güclənməsinə görə Qərb Rusiyanı ittiham edir. Gələn informasiyalara əsasən, Rusiya Tacikistan vasitəsilə taliblərə helikopterlər vasitəsilə yüz milyonlarla dollarlıq silah satıb. Rəsmi Moskvanın əsas məqsədinin həm də ABŞ hərbçilərinin Əfqanıstandan sıxışdırıb çıxarmaq olduğu bildirilir.

Maraqlıdır ki, Rusiya Ali Məhkəməsi hələ 2003-cü ildə BMT Təhlükəsizlik Şurasını qərarına uyğun olaraq “Taliban” hərəkatını terror təşkilatı olaraq tanıyıb.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.