Liberman istefa verdi - təfərrüat
15-11-2018, 09:56

Bu istefa müdafiə nazirinin baş nazir Netanyahu ilə aralarındakı fikir ayrılığını üzə çıxarmış oldu
İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib. Mətbuat konfransı keçirən Liberman müdafiə naziri postundan getdiyini bildirib. Liberman mətbuat konfransında istefasının səbəbini də açıqlayıb. Sabiq müdafiə naziri deyib ki, İsrail hakimiyyətinin atəşkəsə getməsi təslimçilik olub. Sitat: “Dünən terrora təslim olduq. Bu atəşkəsin başqa bir mənası yoxdur. Bu dəqiqə dövlət olaraq etdiyimiz milli təhlükəsizliyimizə uzun müddət zərər verməsi hesabına yaxın dövrdə sabitliyi satın almaqdır”.
O da bildirilir ki, Libermandan başqa daha 3 nazir kabineti fələstinlilərlə atəşkəs bağlanmasına qarşı olub. Liberman mətbuat konfransında deyib ki, Qəzzadan atılan raketlərə sərt cavab verilməli idi. Eyni zamanda o, ötən həftə Qətərin Qəzzaya ayırdığı 15 milyon dollarlıq yardımın əraziyə buraxılmasına qarşı olub.
Qeyd edək ki, Libermanın istefası 48 saat ərzində rəsmiləşəcək. Bundan sonra isə müdafiə naziri təyinatına qədər bu vəzifəni baş nazir Netanyahu özü icra edəcək. Libermanın istefası Netanyahu ilə aralarındakı fikir ayrılığını üzə çıxarmış oldu. Çünki Liberman daha sərt və müharibə tərəfdarı siyasətçi hesab olunur. Netanyahu da sərt xəttin adamı sayılsa da, bəzi mövzularda ikili arasında anlaşılmazlıq yaranır. Bu dəfə isə keçirilən son əməliyyat Netanyahu Parisdə olan zaman baş verib və bir mənada baş nazirdən xəbərsiz həyata keçirilib. Netanyahu isə daha böyük savaşa getmədən atəşkəs elan edib.
Yada salaq ki, bazar günü İsrail ordusu Qəzzada xüsusi əməliyyat keçirib. Xan Yunis məntəqəsinə daxil olan İsrail xüsusi təyinatlıları Həmas komandirlərindən olan Nuri Bərəkəti oğurlamağa çalışıb. Ancaq İsrail ordusunun əməliyyatı ifşa olunub və tərəflər arasında silahlı toqquşma baş verib. İlkin məlumata görə, İsrail xüsusi təyinatlıları mülki avtomobildə, bəzi iddialara görə, qadın geyimində olub. Əməliyyat peşəkarcasına hazırlanıb və xüsusi təyinatlılar Bərəkətin olduğu yerə qədər gedib onu yaxalayıblar. Ancaq Həmas komandirini diri ələ keçirmək mümkün olmayıb.
Nəticədə atışma zamanı 7 nəfərlik İsrail xüsusi təyinatlı qrupundan bir zabit öldürülüb. Əməliyyat böyüyüb və İsrail ordusu vertolyotları toqquşma gedən bölgəni bombalayıb. Atışma nəticəsində 6 Həmas döyüşçüsü, o cümlədən Şeyx Nur Bərəkət öldürülüb.
Bu arada İsrailin “Kanal-10" televiziyası İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı öldürülən xüsusi təyinatlının İsrail ordusunun polkovnik rütbəli zabiti olduğu haqda xəbər yayıb. Xəbərdə o da qeyd olunur ki, öldürülən İsrail ordusu zabiti orduda çox ”həssas" bir sahədə xidmət edib. Adı tam açıqlanmayan zabitin İsrail ordusunun elit xüsusi təyinatlı hərbi hissəsinin komandiri olduğu bildirilir. Artıq İsrailin müdafiə naziri Aviqdor Liberman da zabitin ölümü ilə bağlı açıqlama yayıb. Açıqlamada “Dünən gecə İsrail xalqı böyük bir komandanını itirdi. Onun xidmətləri hələ daha bir neçə il İsrail dövlət təhlükəsizliyində sirr olaraq qalacaq” - qeyd olunur.
Bu isə zabitin bir neçə il adının gizli qalacağını göstərir.
Həmas Nur Bərəkətə sui-qəsd zamanı İsrail ordusunun daha çox itki verdiyini, bir saatdan artıq davam edən atışmada bir İsrail vertolyotunun vurulduğunu bildirib. Baş verən hadisədən sonra Parisdə səfərdə olan baş nazir Benyamin Netanyahu səfər proqramını yarımçıq qoyaraq İsrailə qayıdıb. Bundan sonra İsrail ordusu Qəzzaya zərbələr endirməyə başlayıb. Bu əməliyyat 2014-cü ildə İsrailin Qəzzaya qarşı keçirdiyi “Dəmir Qübbə” əməliyyatından sonra ən böyük hücum əməliyyatı hesab olunur.
Həmas isə İsrail ərazilərinə 370 ədəd yaxın və orta məsafəli raketlər atıb. Raketlər 100 kilometrə qədər uzağa gedə bilən müxtəlif markalı olub. İsrail ordusunun hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə” sistemi bu raketlərin az hissəsini havada zərərsizləşdirsə də, əksəriyyəti İsrail ərazilərinə düşüb. Bir neçə elektrik stansiyası, yaşayış binası xəsarət alıb. Həmas bəyan edib ki, hazırda Qəzzanın bütün nöqtələri müqavimət qüvvələrinin (Həmas və digər silahlı qruplar - K.R.) nəzarəti altındadır.
Atəşkəs qərarı İsrailin radikal sağçı dairələrində ciddi narazılıqla qarşılanıb. Bir çoxları bunu məğlubiyyət kimi qiymətləndirir. Ancaq sağçı baş nazir Netyanyahuya görünür, bu aralarda müharibə lazım deyil.
1958-ci il təvəllüdlü Aviqdor Liberman Moldovada anadan olub. Daha sonra İsrailə köçüb. Likud Partiyasında siyasi postlar tutub. 1999-cu ildə “İsrail Bizim Evimizdir” adlı sağ partiyanı qurub və ona rəhbərlik edib. 2001-ci ildə infrastruktur naziri olub. 2009-cu ildə isə koalisiya hökumətində xarici işlər naziri postunu tutub. 2012-ci ildə korrupsiya ittihamları ilə vəzifəsindən istefa verib. 2016-cı ildən sonra İsrailin müdafiə naziri təyin olunub. Sərt xətt tərəfdarı kimi tanınır, fələstinlilərə qarşı müharibə tərəfdarıdır. Azərbaycanla da yaxın əlaqələri olan Liberman bir neçə dəfə Bakıda olub.