Ermənistan Azərbaycanla sərhədə silahlı “drujinniklər” yerləşdirib
16-10-2015, 13:13
Ermənistanın Azərbaycanla sərhəd yaşayış məntəqələrində xilasetmə xidmətinin əməkdaşlarına Azərbaycan tərəfdən “mümkün diversiyaların” qarşısını almaq üçün silah paylanıb.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Joqovurd” qəzeti yazır.
Xəbərdə bildirilir ki, sərhəddə gərginliyin artmasından sonra “911” xilasetmə xidmətinin əməkdaşlarına (Ermənistan Fövqəladə Hallar Nazirliyinin strukturu) sərhədyanı kəndlərdə silahla növbə çəkmək tapşırığı verilib.
“Növbətçi xilasedicilərə silah paylanıb, çünki istisna deyil ki, Azərbaycan tərəfi kəndlərə atəş açmaqla yanaşı ötən il olduğu kimi diversantları da göndərə bilər”- qəzet yazır.
Bildirilir ki, hazırda xilasetmə xidmətinin sərhəd boyu kəndlərdə silahla növbə çəkməsini qanunvericilik çərçivəsinə salmaq məsələsi həll edilir.