İxtisaslı işçilər üçün “İmmiqrasiya Qanunu” təsdiqləndi – ALMANİYADA

20-12-2018, 05:59           
İxtisaslı işçilər üçün “İmmiqrasiya Qanunu” təsdiqləndi – ALMANİYADA
Almaniyanın Nazirlər Kabineti miqrantların inteqrasiyası prosesini tənzimləmək məqsədilə ixtisaslı işçilər üçün “İmmiqrasiya Qanunu”nu təsdiqləyib. Sözügedən qanun Almaniyada işləmək istəyən ixtisaslı mütəxəssislərin ölkəyə gəlişinə imkan yaradacaq. Federal hökumət peşəkar mütəxəssislər cəlb etməklə yanaşı, həmçinin, sığınacaq üçün müraciət edən və rədd cavabı alan şəxslərin Almaniyada qalmasına imkan yaradan yeni qaydaları da təsdiqləyib. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumatda deyilir ki, daxili işlər naziri Horst Zeehofer təqdimatda bildirib ki, Bundestaqın təkmilləşdirməsinə ehtiyac duyulan planların tamamlanması qanunsuz miqrasiyanın qarşısının alınmasında da yardımçı olacaq.

Qanun Avropa İttifaqı ölkələrində olan işçilərə yaradılan maneələri qismən də olsa aradan qaldırmağı nəzərdə tutur. Yeni qanun həmin şəxslərə Almaniyada ixtisaslarına uyğun iş tapmaq imkanları açacaq. Əvvəllər bu, yalnız Almaniyada təhsil almış məzunlar üçün əlçatan idi.

Sözügedən qanun Almaniyada mütəxəssis çatışmazlığının aradan qaldırılmasına, eyni zamanda müraciəti rədd edilmiş və inteqrasiya olunmuş qaçqınlara daimi yaşamaq hüququ əldə etməyə şərait yaradır. Beləliklə, Almaniyada yaşayan rədd cavabı almış şəxslər də təhlükəsiz yaşamaq imkanı əldə edə biləcəklər. Lakin həmin şəxslər bunun üçün müraciət etdiyi vaxtdan başlayaraq 18 aydan çox müddətdə fasiləsiz şəkildə işlədiyini isbatlamalıdırlar. Onlardan mütəxəssis olmaları da tələb edilmir. Bu şəxslər sadəcə olaraq müraciət etdikləri vaxta qədər istənilən sahədə çalışmalıdırlar. Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer (CDU) bu günü “tarixi gün” adlandıraraq, “İmmiqrasiya Qanunu” ətrafında müzakirələrin 30 ildir ki davam etdiyini və nəhayət qəbul olunduğunu vurğulayıb.

İşəgötürənlər Assosiasiyası isə Nazirlər Kabinetinin qərarını alqışlayaraq onun sürətlə icra ediləcəyinə ümid bəslədiyini bildirib. Almaniya İşəgötürənlər Assosiasiyaları Konfederasiyasının (BDA) təmsilçisi Steffen Kampeter qanunun parlamentdə də qəbulunu vacib sayıb. QHT təmsilçiləri də qanun layihəsinin iqtisadiyyatın inkişafına töhvə verəcəyinə inanırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.