Putinin məktubu və Rusiya ilə Türkiyənin toqquşma nöqtəsi

4-01-2019, 16:43           
Putinin məktubu və Rusiya ilə Türkiyənin toqquşma nöqtəsi
2019-cu ildə Türkiyə üçün yenə də əsas məsələ Yaxşın Şərq olaraq qalacaq. Çünki artıq Suriya məsələsi tamamilə fərqli bir mərhələyə qədəm qoyub: amerikalılar gedir, Türkiyə isə artıq Moskva və Tehranla razılaşmalı olacaq. Mənim fikrimcə isə ABŞ bu regionu tamamilə tərk etməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında professor Toğrul İsmayıl deyib. Politoloqun sözlərinə görə, Suriya məsələsində yeni xəritə formalaşır – yeni oyunçular, yeni manevrlər.

“2018-ci ilin sonunda İrana qarşı tətbiq edilən sanksiyalar Türkiyənin maraqlarına da zərbə vurur. ABŞ hər nə qədər Ankaranın maraqlarına toxunmamağa çalışsa da, İrana qarşı sanksiyalar 2019-cu ildə Türkiyə üçün iqtisadi cəhətdən əlverişli olmayacaq”, - ekspert bildirib.

Türkiyə və Rusiya – risk var...

“Liderlərin sonuncu açıqlamalarını, həmçinin Putinin Ərdoğana təbrik məktubunu nəzərə alsaq, Türkiyə-Rusiya münasibətlərinin 2019-cu ildə də inkişafa davam edəcəyini ehtimal etmək olar. Moskva və Ankara arasında həssas bir məqam da var – bu Suriya məsələsi, başqa sözlə desək, maraqların mümkün toqquşma yeridir”.

Ankara-Bakı. Qarabağ məsələsi...

“Təbii ki, Azərbaycanın maraqları barədə danışarkən Dağlıq Qarabağ problemini xatırlatmamaq olmaz. Ermənistanın təcavüzkar siyasəti həm Azərbaycana, həm də Türkiyəyə mənfi təsir göstərir”, - politoloq bildirib.

Ekspertin sözlərinə görə, bu gün Ermənistanda iqtisadi və siyasi sahədə böyük və artıq praktiki cəhətdən qarşısıalınmaz problemlər müşahidə olunur:

“Belə şəraitdə İrəvanın tək bir addımı qalır: bu təcavüz siyasətindən imtina etmək və Qarabağın işğalını tamamilə aradan qaldırmaq. Belə olan halda İrəvan böyük iqtisadi layihələrə ümid edə bilər. Türkiyə üçün həmçinin daha bir məqam vacibdir. İrəvan digər məsələlərlə yanaşı, qondarma erməni soyqırımı ətrafında ideyanın təbliğatından da imtina etməlidir”, - Toğrul İsmayıl bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.