106 milyard dollar! Səudiyyə Ərəbistanı korrupsiyaya divan tutdu

3-02-2019, 10:04           
106 milyard dollar! Səudiyyə Ərəbistanı korrupsiyaya divan tutdu
Səudiyyə Ərəbistanında 15 ay davam edən antikorrupsiya kampaniyasına yekun vurulub. Nəticə heyrət doğurur. Krallığın xəzinəsinə 106 milyard dollardan çox vəsait daxil olub.

Antikorrupsiya kampaniyasının bir hissəsi kimi araşdırılan daşınmaz əmlak, kommersiya qurumları, qiymətli kağızlar, şahzadələr, yüksək vəzifəli şəxslər və işgüzar alqı-satqılar dəhşətli faktlar ortaya qoyub.

Çərşənbə axşamı Kral Məhkəməsi bildirib ki, 2017-ci ilin noyabrında yaradılan korrupsiyaya qarşı mübarizə komitəsi 381 nəfərin işini araşdırıb.

Beləliklə, komitə öz mandatına uyğun olaraq hərəkət edib və arzu olunan məqsədinə çatıb.

4 noyabr 2017-ci ildə Kral Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə elan etdi. Korrupsiya son illərdə krallıqda inkişaf səylərinə mane olan bir problem kimi dəyərləndirildi.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Komitəyə tax-tac varisi, şahzadə Məhəmməd bin Salman rəhbərlik edib. Bu işə ölkənin bütün güc strukturları cəlb olunmuşdu.

Komitənin məqsədi bütün səviyyədə korrupsiyanın qarşısının alınmasını təmin etməkdən ibarət idi.
Qeyd olunur ki, istintaqın diqqət mərkəzində olan şəxslər arasında şahzadələr, dövlətdə yüksək vəzifə tutan şəxslər, milyarderlər, nüfuzlu iş adamları çoxluq təşkil edib.

https://gulfnews.com/world/gulf/saudi/saudi-anti-graft-push-yields-106b-in-settlements-1.61786099

Elbəyi Həsənli, musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.