Qanunvericilikdə dəyişiklik: qaçqınlar Almaniyada daha uzun müddət qalacaqlar
3-02-2019, 19:03

Almaniyada Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) iş yükü bir az da sadələşdirilə, qaçqınlar isə Almaniyada daha uzun müddət qala biləcəklər. “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, bu dəyişiklik, hökumətin miqrasiya qanunvericiliyini, o cümlədən, sığınacaq axtaranlarla bağlı məlumat mübadiləsinin müxtəlif dövlət orqanları arasında yaxşılaşdırılmasını nəzərdə tutur.

Horst Zeehofer /
Nəhayət, Horst Zeehofer və koalisiya nümayəndələri, qaçqın statusunun verilməsi haqqında Almaniyanın mövcud qanunvericiliyində dəyişiklik etməyə razılıq veribər. Belə ki, əgər əvvəllər Almaniyada sığınacaq axtaran şəxsin müraciəti əsasında ona 3 illik icazə verilirdisə və qanunun 73-cü maddəsinə əsasən, qaçqın statusu almış şəxs barəsində üç il ərzində yoxlama keçirildisə, indi proseslər arasındakı müddətin 4 ilə qədər artırılmasına qərar verilib. Siyasətçilərə görə, müddətin 4 illə əvəz olunması Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) iş yükünü xeyli azaltmış olacaq. Bu, eyni zamanda o deməkdir ki, bundan sonra qaçqın statusu alan şəxslərə vəsiqələr 3 illik deyil, 4 il müddətinə veriləcək.
Xatırladaq ki, BAMF-ın yeni rəhbəri Hans Eckhard Sommer rəsmi Berlindən bu müddətin 5 ilə kimi uzadılmasını xahiş etmişdi və bu məlumatı biz izləyicilərimizə çatdırmışdıq.
Rəsmi məlumatlara görə, bu gün BAMF kadr çatışmazlığı problemi yaşayır, belə qərarlar isə qurumun iş yükünü azaltmış olacaq. İşçilər hələ də keçən il gələn qaçqınların müraciətlərini araşdırmaqdadırlar. Gözləntilərə görə 2019-cu ildə onlar həm də 2015-2016-cı illərdə Almaniyaya gələn 750 min qacqın statusu alan şəxsin ərizəsini təkrar yoxlamalıdırlar.
BAMF-da təkrar yoxlama prosedurlarının 4 ilə kimi artırılması haqqında qərar yanvarın 29-u, çərşənbə axşamı Horst Zeehoferin iştirakı ilə koalisiya üzvlərinin baş tutmuş görüşlərində qəbul edilib. İndi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər parlament tərəfindən təsdiqlənməlidir.
Bəzi siyasətcilər, xüsusilə Sol partiyanın nümayəndələri müddətin 4 ilə artırılmasını məqbul hesab etmirlər və düşünürlər ki, yaxşı inteqrasiya olunmuş qaçqınlar haqqında belə yoxlamalara ümumiyyətlə ehtiyac yoxdur.