Almaniya 600 nəfərin qaçqın statusunu ləğv etdi
17-06-2019, 20:12

Bu ilin ilk dörd ayında Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) qaçqın statusu almış təxminən 600 nəfər haqqında verilmiş qərarı və onların statusunu ləğv edib. Bu barədə AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Bu dövr ərzində BAMF tərəfindən seçmə üsulu ilə 32667 status almış şəxs barəsində araşdırma aparılıb. Barəsində yoxlama aparılmış şəxslərdən 98 %-dən çoxu haqqında qəbul olunmuş qərarın obyektiv olması müəyyən edilib və qüvvədə saxlanılıb.
Ləğv edilən 600 qərarın əksəriyyəti suriyalı və iraqlı kimi qeydiyyatdan keçmiş sığınacaq axtaran şəxslər barəsində olub. 489 qərar həmin şəxslər üçün əvvəllər olan təhlükə artıq aradan qalxdığından ləğv edilib. Qaçqın statusu olan 114 şəxs isə yalan məlumat verdikləri üçün barələrində olan qərar ləğv edilib.
Qaçqın statusu haqqında qanunvericiliyə görə mənşə ölkəsində vəziyyətin sürətlə yaxşılaşması həmin ölkədən olan şəxslər haqqında sığınacaq qərarlarının ləğv edilməsinə səbəb ola bilər.
İndiyə qədər bu araşdırma müvəqqəti icazə alandan sonrakı ilk 3 ilin tamamında aparılırdı. Yeni qəbul olunan qanuna görə isə artıq bu yoxlamalar 5 il keçdikdən sonra aparılacaq. Bu, Bundestaqın iyun ayının əvvəlində qəbul etdiyi „Qaçqın statusu haqqında“ qanunvericilik paketinin bir hissəsini təşkil edir. Yoxlamanın 3 ildən 5 ilə kimi uzadılması 2015- 2017-ci illərdə BAMF-da müraciətlərin və məmurların iş yükünün həddən artıq çoxluğu ilə əlaqədar bəzi qərarların qəbulunda yanlışlığa yol verilməsinin mümkünlüyü və 3 il ərzində ölkələrdəki vəziyyətin dəyişməsinin inandığıcı olmadığı ilə bağlıdır.
Nazirliyin verdiyi məlumata əsasən, aparılan araşdırmanın ailə birləşməsi haqqında müraciətlərə mənfi təsiri yoxdur.
Nazirliyin sözçüsü bildirib ki, barəsində yoxlama aparılan şəxsin qohumlarınin viza üçün müraciətləri haqqında qərarlara bu yoxlamanın mənfi təsir göstərməsi haqqında məlumatlar yalandır. BAMF qərarını ləğv etmədiyi müddətə kimi müvəqqəti yaşayış icazəsi qüvvədə olur, belə şəxslərin isə ailə birləşməsi üçün müraciətinə məhdudiyyət qoyulmur.
Təkrar yoxlama prosedurlarının orta hesabla nə qədər davam edəcəyi haqqında sorğuya isə cavab verilməyib. Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə statistik məlumatlar ümumiləşdirilməyib.