MOSKVA “AVRASİYA İTTİFAQI”nı GÜCLƏNDİRMƏYƏ HAZIRLAŞIR –Ermənistanda isə bunu özlərinə "ciddi təhlükə" sayırlar - TƏHLİL
5-02-2020, 19:53
Aram Amatuni
“1in.am”, Ermənistan, 04 fevral 2020-ci il
Avrasiya iqtisadi komissiyası kollegiyasının sədri postunu tərk edən Tiqran Sarkisyan məlumat verib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan ölkələr milli hökumətlərin bəzi məsələrlə bağlı veto hüququndan istifadədən imtinasını və qərar qəbulu hüququnun transmilli səviyyəyə verilməsinin mümkünlüyünü müzakirə edirlər.
Avrasiya hökumətlərarası şurasının bir gün əvvəl Almatıda keçirilən iclasından sonra o, jurnalistlərə deyib: “Mən bu gün müzakirə edilən bir neçə prinsipial məsələni xüsusi qeyd etmək istərdim. Birincisi, veto hüququndan imtinanın mümkünlüyü və transmilli funksiyaların transmilli orqana – Kollegiyaya verilməsi məsələsidir”.
Onun sözlərinə görə, bu, diskussiyalıq məsələdir. Tiqran Sarkisyan qeyd edib: “Əgər milli hökumət veto hüququnu saxlayırsa, bu, ona öz milli suverenliyini mühafizə etmək imkanı verir. Lakin digər tərəfdən, əgər biz ittifaqımızı dərinləşdirmək istəyiriksə, bu, aydındır və hamı bununla razıdırsa, müəyyən funksiyalar vardır ki, transmilli səviyyəyə verilməlidir”.
O, “Bu, elə prinsipial, mühüm siyasi məsələdir ki, biz hökumətlərarası şuranın növbəti iclasında bu məsələ üzrə razılığa gələ biləcəyimizə əminik” deyərək, fikrini yekunlaşdırıb.
Şübhə yoxdur ki, Tiqran Sarkisyanın işarə etdiyi məsələ tezliklə reallığa çevriləcək, hər halda, Aİİ-nin vəzifəli şəxsinin özünə inamla verdiyi bəyanat təlqin edir ki, Moskvada artıq bu məsələ üzrə prinsipial qərar qəbul edilib. Aİİ-nin müdafiəçiləri sakitcə bənzər presedentlərin olduğu AB örnəyinə istinad edə bilərlər, lakin belə yanaşma reallıqla heç bir əlaqəsi olmayan, çox formal yanaşma olacaq.
Avropa Birliyi demokratik ölkələrin ittifaqıdır, burada dövlətlər ümumi dəyərlər ətrafında birləşirlər, nəhayət, üzvləri bu siyasi ittifaqa şantajla və ya məcbur etməklə gətirmirlər. Aİİ-də isə diametral əks vəziyyətdir. Bu, dövlətlərin bərabərhüquqlu ittifaqı deyildir, mahiyyətcə, Moskvanın imperiya layihəsidir. Rusiya imperiyası onun vasitəsilə bir neçə postsovet dövlətinə öz gündəliyini diktə etmək istəyir. Ayrıca, Aİİ özünün bir neçə üzvünü , məsələn, sərt müdaxilə sayəsində AB ilə daha sıx əməkdaşlıq etməkdən imtinaya məcbur etməklə, Ermənistanı “udub”.
Digər tərəfdən, Aİİ, mahiyyətcə, avtoritar liderlərin qapalı klubudur və Ermənistan kimi demokratik bir ölkə burada, ələlxüsus inqilabdan sonra, “ögey oğul” statusuna düşüb.
Belə bir durumda, milli hökumətlərin öz veto hüququndan imtina etməsinin və qərar qəbulu hüququnun transmilli səviyyəyə verilməsinin mümkünlüyü Moskvanın təsirinin güclənməsini nəzərdə tutur. Ələlxüsus ona görə ki, Kollegiya adlanan qurum, mahiyyətcə, Rusiya hakimiyyətinin əlavəsidir və Kollegiya sədrinin hansı ölkənin təmsilçisi olmasından asılı olmayaraq, Kremldən gələn göstərişlərə gözüyumulu əməl edir.
Əlbəttə, Tiqran Sarkisyan milli hökumətlərin veto hüququnun məhz hansı məsələlərdə məhdudlaşdırılacağını dəqiqləşdirmir, lakin burada mühüm olan presedentin yaranmasıdır. Bu gün milli hökumətlər öz suverenliyini iqtisadi məsələlərdə məhdudlaşdıra bilərlər, sabah bu, siyasi məsələlərə də yayılacaq. Aİİ-də, Belarus və Qazaxıstanın timsalında, Azərbaycanın çox güclü lobbisinin olduğunu da nəzərə alsaq, qurumda yetişməkdə olan bu təşəbbüs Ermənistan üçün son dərəcə təhlükəlidir.
Hesab edirəm ki, bunlar rəsmi Yerevanın Aİİ-də “inteqrasiyanın dərinləşdirilməsi”ni prinsipial olaraq rədd etməsi üçün güclü arqumentlərdir.
Tərcümə Strateq.az-ındır