Müdafiə nazirinin maskasını taxıb prezidentə, krala və maqnatlara zəng vurdular... - QEYRİ-ADİ ÜSÜLLA MİLYONLAR ƏLƏ KEÇİRDİLƏR
5-02-2020, 19:59
Müdafiə nazirinin maskasını taxıb prezidentə, krala və maqnatlara zəng vurdular... - QEYRİ-ADİ ÜSÜLLA MİLYONLAR ƏLƏ KEÇİRDİLƏR
Yeddi nəfərdən ibarət fırıldaqçılar şəbəkəsi Fransanın müdafiə nazirinin silikon maskasını taxaraq onun adından bir sıra xarici ölkələrin prezidentlərinə, yüksək rütbəli biznesmenlərinə və məmurlarına, hətta Belçika kralına Skype-la zəng vurublar. Və bu misli görünməmiş dələduzluq sxemi sayəsində 50 milyon avrodan çox pul ələ keçiriblər.
Teref.az virtualaz.org-a istinadən xəbər verir ki, bu fırıldaq barədə BBC yazır. Banda 2015-2016-cı illərdə fəaliyyət göstərib. Həmin vaxt ərzində onlar Fransanın müdafiə naziri postunu tutan Jan-İv Le Drianın maskasını taxaraq 150-dən çox görkəmli şəxsə və təşkilata zəng vurublar, o cümlədən Belçika kralı Filip, Qabon prezidenti Əli Bonqo, “Lafarge” sement şirkətinin baş direktoru, kilsə liderləri və xeyriyyəçilərlə danışıblar. Saxta müdafiə naziri Le Drian hətta Tunis hökumətini dörd “Airbus Tigre” vertolyotunu 19 milyon avroya almağa inandırıblar. Onların cəhdləri əksər hallarda boşa çıxsa da cinayətkarlar hər halda 50 milyon avrodan çox pul əldə edə biliblər.
Hilbert Çikli
Xəbər verilir ki, Skype üzərindən təşkil olunmuş danışıqlar zamanı özünü Fransanın müdafiə naziri kimi təqdim edən dələduz eynən Le Drianın kabinetinə bənzəyən otaqda oturub, onun başı üzərində bayraqlar və o vaxtkı prezident Fransua Ollandın portreti olub. Müdafiə nazirinin dünyada çox tanınmaması cinayətkarların işini asanlaşdırıb. Onların zəng vurduqları şəxslər həqiqi müdafiə naziri ilə danışdıqlarını zənn ediblər.
Skype danışıqları zamanı psevdonazir “məxfi missiyalar” üçün pul xahiş edib, həmin pulları Fransanın dövlət borcu kimi qaytaracaqlarını bildirib. Tez-tez bildirilib ki, pullar İŞİD-in əlindən girovların xilas edilməsi və ya antiterror əməliyyatlarının keçirilməsi üçün lazımdır.
Bu dələduzluq sxeminin yeddi iştirakçısı Parisdə məhkəmə qarşısında dayanacaq. Onlara fransız-israil əsilli Hilbert Çikli (54 yaş) və Entoni Lazareviç rəhbərlik edib. İki əsas şübhəli 2017-ci ildə Ukraynadan Fransaya ekstradisiya olunub. Çikli və Lazareviç ittihamları qəbul etmir, Çikli deyir ki, Le Drianın adından dələduzluğu kimsə başqası törədib.
Ağa Xan
“Frans Press” agentliyinin bildirdiyinə görə, psevdonazir tərəfindən aldadılanlar arasında milyarder və ismailiyyə təriqətinin (şiəlyin qollarından biri, 15 milyondan çox üzvü var) dini lideri Ağa Xan və türkiyəli maqnat İnan Kirak da yer alır. Belə ki, Ağa Xan 2016-cı ildə aldadılıb. O, saxta nazirin göndərdiyi hesablara dörd dəfəyə olmaqla 20 milyon avro köçürüb. Həmin hesablar Polşa və Çin banklarında olub. Ödəmələrdən üçünü dondurmaq mümkün olub, lakin 7.7 milyon avro ələ keçirilib.
Bundan bir neçə ay sonra türkiyəli biznesmen İnan Kirak dələduzlara 47 milyon dollardan çox pul köçürüb. O, hesab edib ki, pullar Suriyada girov saxlanılan iki jurnalistin azad edilməsi üçündür. Habelə Fransanın “Château Margaux” şərabçılıq şirkətinin sahibləri dələduzlara 3 milyon avro köçürüblər.
Əsl müdafiə naziri Jan-İv Le Drian jurnalistlərə bildirib ki, ədalətin bərpa olunacağına və dələduzların cəzalarını alacaqlarına ümid edir. O, baş verənlərdən sarsıldığını və adının bu cür dələduzluqda istifadə edilməsindən özünü təhqir olunmuş saydığını deyib.
Jan İv Le Drian
Müstəntiqlər bildirib ki, Ukraynada həbs olunandan sonra Çikli və Lazareviçin mobil telefonlarından dəlillər aşkar edilib. Bu dəlillərə əsasən onlar özlərini Monako knyazı II Albert kimi təqdim etməyə hazırlaşırdılar. Telefonda knyaz Albertin silikon maskasının fotosu olub.
Çikli 2015-ci ildə Fransa məhkəməsi tərəfindən 7 il qiyabi həbsə məhkum edilmişdi. O, 2005-2006-cı illərədə törətdiyi dələduzluqlara görə mühakimə olunub, həmin vaxt Çikli özünü müxtəlif müəssisələrin rəhbərləri kimi qələmə vermişdi.
Qeyd edək ki, dələduzluğun geniş yayıldığı Azərbaycanda da vaxtaşırı olaraq “ostap benderlərin” ağlagəlməz sxemləri və üsulları barədə təfərrüatlar məhkəmə sənədlərinə əsasən üzə çıxır. Hesab edilirdi ki, azərbaycanlı dələduzlar dünyada ən istedadlı olanlardan sayılır. Lakin Fransa müdafiə nazirinin adından istifadə edən dələduzların əməllərinin analoquna hələ dünyada rast gəlinməyib.