Koronavirusa yoluxma riskini yoxlayan mobil PROQRAM

11-02-2020, 10:53           
Koronavirusa yoluxma riskini yoxlayan mobil PROQRAM
Çində insanlara koronavirusa yoluxma riskini yoxlamağa imkan verən mobil əlavə yaradılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Xinhuanet” xəbər agentliyinin məlumatında deyilir.

Proqram virusa yoluxmaqdan ehtiyat edən bütün insanlara ona yoluxanlarla sıx təmasda olmaq barədə məlumatlar əldə etməyə imkan verir. Əlavə vasitəsilə insanın son iki həftə ərzində olduğu evdə, qatarda, təyyarədə və ya avtobusda yoluxma hallarının qeydə alınmasını yoxlamaq mümkündür. Yoluxmuş insanla sıx təmasda olduğunu aşkarlayan şəxslərə evdə qalmaq və tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Çin Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, yaxın təmas lazımi qoruyucu vasitələr olmadan yoluxmuş insana yaxın məsafədə olmaq hesab edilir. Məsələn, təyyarədə xəstə ilə sıx təmasda olanlara koronavirusa yoluxan şəxslə eyni sırada, eləcə də onun qarşısında və arxasında üç sırada oturanlar aid edilir. Risk zonasına, həmçinin, salonun xəstənin olduğu hissəsində işləyən stüardessalar daxildir. Qatarda sıx təmas yoluxmuş şəxslə eyni kupedə olmaq hesab olunur.

Səhiyyə İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə hazırlanan mobil proqram Nəqliyyat Nazirliyi, Mülki Aviasiya İdarəsi və “China Railway” dəmir yolu korporasiyası tərəfindən dəstəklənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.