İranda aksiya zamanı polislə toqquşma baş verib, ölən və xəsarət alanlar var

17-12-2015, 14:48           
İranda aksiya zamanı polislə toqquşma baş verib, ölən və xəsarət alanlar var
İranın Behbahan şəhərinin Şahruyi kəndində keçirilən etiraz aksiyasında polislə iştirakçılar arasında qarşıdurma baş verib, ölən və yaralananlar var.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları “Bid Bolənd 2” neft emalı zavodunda işə götürülməmələrinə etiraz ediblər. Polisin müdaxiləsi nəticəsində qarşıdurma yaranıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Behbahan şəhərinin başçısı Hüseyn Məlikxudayi deyib ki, etirazçılar “Bid Bolənd 2” neft emalı zavoduna gedən yolu bağlayıblar, yolu açmaq üçün gedən polis qüvvələrinə hücum ediblər: “Onlar odlu silahla təhlükəsizlik qüvvələrinin üzvlərinə atəş açıblar.Kənd sakinlərindən bir nəfər ölüb və iki nəfər yaralanıb”.

H. Məlikxudayi deyib ki, aksiyanın təşkilatçıları həbs olunublar.

“Bid Bolənd 2” neft emalı zavodunun tikintisinə bir neçə ay öncə başlanılıb. Bu zavod yaxın iki ildə istifadəyə verilməlidir. Sahruyi kəndi bu zavodun yaxınlığında yerləşir. İndiyə kimi bu zavodun tikintisində 340 nəfər işə götürülüb ki, onlardan 65 nəfəri Şahruyi kənd sakinidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.