Putinin keçmiş arvadı şoumenlə evlənib - İDDİA

18-12-2015, 12:24           
Putinin keçmiş arvadı şoumenlə evlənib - İDDİA
Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında jurnalistlərin qızları ilə bağlı sualına cavab verərkən onların ölkədə olduqlarını, öz həyatlarını yaşadıqlarını və bunu çox layiqli şəkildə etdiklərini bildirdi. Amma heç kəs cürət edib dövlət başçısına keçmiş həyat yoldaşı Lyudmila Putina ilə bağlı sual ünvanlamadı.

Modern.az saytı bildirir ki, üç il yarım bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin həyat yoldaşından boşanması haqda yayılan məlumat ictimaiyyəti hərəkətə gətirmişdi, həm də xeyli təəccübləndirmişdi. Hamı ilk növbədə bu suala cavab axtarırdı: “Niyə 30 il davam edən xoşbəxt ailədə çat əmələ gəlib və Lyudmila Putina haradadır?”.

Bu sual indi də qüvvəsindədir. Amma indi ictimaiyyət bu boşanmanın keçmiş birinci ledi üçün nə qədər düşərli olub-olmadığını düşünür.

Lyudmila Putina boşanmanın səbəbini o zaman ərinin iş qrafikinin kifayət qədər sıx olması ilə izah edirdi. İddia olunurdu ki, son illər onun üçün əsl sınağa çevrilib. O, uzun müddət ərini görmür, nəticədə onlar bir-birindən uzaqlaşıblar, yad adamlara çevriliblər. Ancaq mətbuat ortada başqa məsələnin, daha doğrusu, hiylənin olduğunu duymuşdu. O zaman Putinin gənc idmançı Alina Kabaeva ilə sevgili olduğu iddiası ortaya atılmışdı.

Bu söz-söhbətlər sonralar dəfələrlə gündəmə gəlsə də, amma subay Putinin eşq macəralarını təsdiqləyəcək konkret arqumentlər ortaya qoyulmadı.

Boşandıqdan xeyli keçəndən sonra Putin keçmiş həyat yoldaşı ilə bağlı suala qeyri-adi cavab verdi: “Mən əvvəlcə öz keçmiş arvadım Lyudmila Aleksandranı ərə verməliyəm, daha sonra artıq özüm haqqında düşünə bilərəm”.

Keçmiş birinci ledi isə boşandıqdan sonra elə aradan çıxmışdı ki, onun harada yaşadığı, nə işlə məşğul olduğu haqda heç bir dəqiq məlumat əldə etmək mümkün olmurdu.

O, heç bir tədbirə gəlmədiyindən, deyirdilər ki, Putinin keçmiş həyat yoldaşı monastıra getmək istəyir.

Hər kəsin “Lyudmila Putina haradadır” sualına cavab axtardığı vaxt, 2014-cü il aprelin 30-da, nəhayət, keçmiş birinci ledi üzə çıxmışdı. O, Qorki adına ədəbiyyat mükafatının təqdimatı mərasiminə qatıldı. Həmişəki kimi ciddi görkəmdə - qara kostyum, ağ bluzada. Lyudmila qəşəng aristokrat görkəmində idi. Onun simasında və səsində qətiyyən kədər və məyusluq hiss olunmurdu.

O arada Novosibirskdən olan pensiyaçı Yuri Babin Lyudmilaya ona ərə getməyi təklif etdi. Ancaq qarşı tərəf bu bəyanata heç bir reaksiya vermədi.

Lyudmilanın şəxsi həyatı ilə bağlı son məlumat isə muğənni və şoumen Mixail Mixaylovla bağlı olub. Deyirlər ki, cütlük tez-tez Soçiyə uçur və ola bilsin ki, Rublyovkada elit ev də alıblar. Ardınca yayılan xəbərdə qeyd edilir ki, Lyudmila Putina ola bilsin ki, ikinci dəfə ərə gedib, ancaq bu hadisənin açıqlanmasını istəmir. Rusiya mətbuatı bu məlumatları yazmağa cəsarət etməsə də, sosial şəbəkələrdə belə söz-söhbətlər gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.