Parlament Emoməli Rəhmona "Millətin Lideri" statusunu verdi
18-12-2015, 20:54
Tacikistan parlamentinin yuxarı palatası - Məclisi Milli dövlət başçısı Emoməli Rəhmona “Sülhün və milli bərabərliyin banisi - Millətin Lideri” statusunun verilməsi ilə bağlı qanun layihəsini təsdiq edib. Bu ayın əvvəlində parlamentin aşağı palatası da layihəni bəyənmişdi.
Senator Məhəmmədyusuf İmomzod bildirib ki, ölkəyə 23 ildir rəhbərlik edən Emoməli Rəhmonun xalq qarşısında xidmətləri böyükdür. O, ölkədə gedən vətəndaş müharibəsini dayandırıb, əmin-amanlıq bərpa edilib, xalq sülh şəraitində yaşamağa başlayıb. Millətin Liderinin ordeni və dövlət mükafatı da təsis ediləcək.
Qanun layihəsində bildirilir ki, prezidentlik müddəti başa çatdıqdan sonra Millətin Liderinə və onun qohumlarına toxunulmazlıq hüququ və yüksək təqaüd verilir, o, şəxsi nəqliyyat və yaşayış sahəsi ilə, digər sosial güzəştlərlə təmin olunur, bütün xərcləri dövlət büdcəsindən ödənilir.
Millətin Liderinin muzeyinin, kitabxanasının və arxivinin də yaradılmasının nəzərdə tutulduğu qanun layihəsi Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
AzerTAc