Oliqarxların Londondakı qonşuları narazıdır: “Əllərindən bezmişik...”
24-12-2015, 23:36
Böyük Britaniyanın paytaxtı Londonun elit yaşayış kvartalının sakinləri Rusiyadan və digər keçmiş sovet respublikalarından olan supervarlıların onları boğaza yığmasından şikayətlənir.
“The Daily Mail” qəzeti Londonun Haygeyt rayonunun sakinlərinə istinadən bu barədə yazıb.
Londonun mərkəzindən 5 mil məsafədə yerləşən Haygeyt rayonunun sakinləri onsuz da varlılar idi. Lakin son illərdə keçmiş sovet respublikalarından olan zənginlər bu rayonda daşınmaz əmlak alaraq onları bir növ sıxışdırıb.
Onlar bu rayonda milyonlarla funt-sterlinqə daşınmaz əmlak alır, sonra yenidən qurur, yaxud sökdürüb yerində nəhəng imarətlər tikdirir və hündür hasarlar çəkirlər.
Rayon bələdiyyə şurasının üzvü Maykl Hammerson deyir: “Bizə burada tünd qara şüşəli limuzinlər, yaxasında üstdən tikilmiş cibləri olan pencəkli, qara eynəkli adamlar istəmirik. İstəmirik ki, ətrafda hər yerdə videokameralar olsun”.
Ötən 10 illikdə Haygeyt əsasən peşəkar mənşəli mədəni, rahat dəbdəbənin mərkəzinə çevrilmişdi. Ancaq son illər daha iri kapitala malik olan daha gənc adamlar bu rayona ayaq açıblar. Onlar özlərinə dəbdəbəli malikanələr tikdirir.
“Bu oliqarxlar torpaq sahələri alır və orada çoxmərtəbəli yeraltı qarajlara malik olan nəhəng saraylar tikdirirlər. Bu qarajlarda çoxsaylı dəbəbəli limuzinlər saxlayırlar, onların saraylarında ev kinoteatrları, SPA-salonlar, hətta bomba sığınacaqları olur”- deyə qəzet yazır.
Bu rayonda çoxdan yaşayanlardan fərqli olaraq onlar tamamilə qapalı həyat tərzi keçirirlər və nəhəng darvazaların, yüksək hasarların arxasında gizlənirlər. Onların mülklərinin sahibi bir qayda olaraq offşor zonalarda qeydiyyatdan keçmiş qurama şirkətlərdir.
Bu yaxınlarda Uitanherst deyilən yerdə malikanə satışı səs-küyə səbəb olub. 25 yataq otağı olan bu malikanə Londonda Bukinhem sarayından sonra ikinci ən iri bina hesab edilir.
Bu malikanə 75 milyon dollara alınıb, daha sonra təxminən bu qədər vəsait evin yenidən qurulmasına xərclənib. Gözlənilir ki, təmir işləri başa çatandan sonra bu sarayın bazar qiyməti 450 milyon dollara yaxın olacaq. Həmin sarayın sahibi rusiyalı oliqarx Andrey Quryevdir.
Xatırladaq ki, Londonun Haygeyt rayonunda azərbaycanlı oliqarxların da malikanələri var. (virtualaz.org)