Trampın qızının şəxsi köməkçisi koronavirusa yoluxdu
9-05-2020, 12:34

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın şəxsi kömkçisi olan qadın yeni tipli koronavirusa yoluxub. Məlumatı CNN telekanalı yayıb. Kanala məlumat verən mənbə Kovid-19 virusuna yoluxmuş qadının axırıncı dəfə bir neçə həftə bundan əvvəl prezidentin qızı ilə təmasda olduğunu bildirib. Köməkçi iki aya yaxındır ki, məsafəli rejimdə çalışır, koronavirus testindən isə ehtiyat tədbiri olaraq keçib. Onda koronavirus sindromları müşahidə edilmir.
Cümə günü aparılan testin nəticəsinə görə, İvanka Tramp və həyat yoldaşı Cared Kuşnerdə koronavirus aşkar edilməyib.
Cümə günü ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibində, cümə axşamı isə prezident Donald Trampın yaxın əhatəsinin üzvlərinin birində koronavirus aşkar edilmişdi. Tramp ilə Pens hər gün koronavirus testindən keçirlər. Onların hər ikisi ABŞ-da dövlət orqanları tərəfindən rəsmən tövsiyə edilmiş müdafiə maskasından istifadə eləməkdən imtina edirlər.
ABŞ-ın Con Hopkins Universitetinin son məlumatına görə, indiyə qədər ölkədə koronavirus pandemiyasına 1,2 milyon nəfərdən çox insan yoluxub, onlardan 77 min nəfərdən çoxu xəstəlikdən vəfat edib.
Hurriyyet.org