İşçinin nahar fasiləsindən imtina edib, işdən tez çıxmaq hüququ varmı?

Bu gün, 16:54           
İşçinin nahar fasiləsindən imtina edib, işdən tez çıxmaq hüququ varmı?
Əmək qanunvericiliyinə görə, iş saatı 8 saat müəyyən olunub və çox iş yerlərində 1 saatlıq nahar fasiləsi verilir. Lakin bəzi işçilər nahar fasiləsindən istifadə etmək istəmirlər və həmin vaxtı işdən daha tez çıxmaqla əvəzləmək istəyirlər. Amma şirkət qaydaları bu cür hallara icazə vermir və işçinin səhər saat 9-dan axşam 6-ya qədər işdə olmasını tələb edir. İşçinin nahar fasiləsindən imtina edib, əvəzində işdən daha tez çıxmaq hüququ varmı? Şirkət buna mane ola bilərmi?

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, əmək qanunvericiliyinə görə, hər bir işçinin əmək şəraiti əmək müqaviləsində dəqiq göstərilməlidir, buraya iş, istirahət vaxtı və digər şərtlər daxildir: "Qanunla tam iş vaxtı gündə maksimum 8 saat, həftədə isə 40 saat müəyyən edilib. Bu müddətdən artıq iş vaxtı normal hesab olunmur və əlavə ödənişlə kompensasiya edilməlidir. Bu qayda Azərbaycan Respublikasının Əmək məcəlləsinin 89-cu maddəsində öz əksini tapıb”.

İR üzrə mütəxəssis deyir ki, qanuna əsasən, iş günü ərzində işçilərə mütləq istirahət və nahar fasiləsi verilməlidir: “Bu fasilənin müddəti və vaxtı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi ilə tənzimlənir. Əgər iş şəraiti səbəbilə fasiləni ayrıca müəyyənləşdirmək mümkün deyilsə, işəgötürən işçiyə nahar etmək üçün şərait yaratmalıdır. Eyni zamanda, müəssisədaxili intizam qaydalarının məzmununda iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlama və bitmə saatlarının dəqiq göstərilməsi zəruridir”.

Qadınlara əlavə fasilə verilir, o zaman ki....

A.Həsənov bildirir ki, yaş yarımına çatmamış uşağı olan qadınlara əlavə hüquqlar tanınır: “244-cü maddəyə görə, onlara iş vaxtı ərzində ümumi nahar fasiləsindən başqa, uşağını yedizdirmək üçün hər 3 saatdan bir 30 dəqiqəlik fasilə verilməlidir. Əgər qadının bir neçə övladı varsa, bu müddət bir saata qədər artırıla bilər. Bu fasilələr iş vaxtına daxil edilir və işçinin orta əmək haqqısı saxlanılır. Bundan başqa, qadın bu fasilələri birləşdirərək ya nahar vaxtına, ya da iş gününün əvvəlinə və ya sonuna əlavə edə bilər. Əgər iş gününün sonunda istifadə edərsə, həmin müddət qədər iş vaxtı qısaldılır”.

Mütəxəssis deyir ki, işçilər fasiləni günün sonunda toplu şəkildə istifadə etməyə üstünlük versələr də, bu praktik baxımdan əlverişli deyil: “Qanuni baxımdan mümkün olsa da, 8 saat fasiləsiz işləmək diqqətin dağılmasına, məhsuldarlığın azalmasına gətirib çıxarır. Psixoloji olaraq isə uzun müddət fasiləsiz işləmək işçini daha çox yorur və motivasiyasını zəiflədir. Fasilə anlayışı yalnız nahar süfrəsi ilə məhdudlaşmır. Bu, işçinin günün axarında nəfəs alması, işə daha güclü qayıtması və psixoloji sağlamlığını qoruması üçün zəruri bir vasitədir. Əsas məqsəd işçinin özünə zaman ayırmasıdır”.

Ekspert bildirir ki, müxtəlif ölkələrdə işçilərin nahar və qısa fasilə hüquqları həm qanunvericilik, həm də iş mədəniyyəti ilə tənzimlənir.

Onun sözlərinə görə, Almaniya, Fransa və Hollandiya kimi Avropa ölkələrində işçilərə nahar və əlavə qısa fasilələr ayrılır: “Almaniyada qanunla müəyyən olunub ki, 6 saatdan çox işləyən işçiyə minimum 30 dəqiqə fasilə verilməlidir. Bu fasilə bir dəfəyə deyil, 15+15 dəqiqə şəklində də bölünə bilər. Skandinaviya ölkələrində isə “fika” adlanan mədəniyyət formalaşıb. İşçilər gün ərzində bir neçə dəfə 10–15 dəqiqəlik qısa qəhvə fasiləsi edərək həm sosiallaşır, həm də psixoloji rahatlıq əldə edirlər. ABŞ-də federal qanun işçilərə ödənişli fasilə verməyi məcburi etmir. Buna baxmayaraq, böyük şirkətlər adətən nahar üçün 30–60 dəqiqəlik fasilə və əlavə 5–15 dəqiqəlik “coffee break”lər təyin edirlər. Məqsəd işçinin performansının qorunmasıdır. Asiya ölkələrinə gəlincə, Yaponiyada nahar fasiləsi əsasən 1 saat təşkil edir, lakin əlavə qısa fasilələr mədəniyyət olaraq qəbul edilmir. Çünki orada “işdə qalma mədəniyyəti” mövcuddur - işçinin ofisdə uzun müddət qalması hörmət sayılır. Çində isə bəzi şirkətlər nahardan sonra qısa “nap break” (yuxu fasiləsi) də təklif edirlər".

Ekspertin sonda qeyd etdi ki, şirkətlər işçilərin fasilələrini daha səmərəli etmək üçün müəyyən addımlar ata bilərlər: "Məsələn, ofisdə “relax zona” yaratmaq mümkündür – kiçik kitab küncü, oyun masası, musiqi guşəsi və ya sakit istirahət otağı. Bu cür imkanlar fasilələri daha keyfiyyətli və faydalı edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru