Rusiyanın xaricdə böyük bir agentura şəbəkəsi ifşa olundu...

10-06-2020, 00:08           
Rusiyanın xaricdə böyük bir agentura şəbəkəsi ifşa olundu...
Rusiyanın uzun müddətdir Liviyada fəaliyyət göstərən böyük bir agentura şəbəkəsi üzə çıxıb.

Moderator.az xəbər verir ki, bundan ötrü 6-7 iyunda Liviya təhlükəsizlik qüvvələri ABŞ kəşfiyyatının dəstəyilə əməliyyat keçirib. Liviyadakı geosiyasi durum, ölkənin hərbi qüvvələri, xarici kəşfiyyatı, eləcə də neft yataqlarının hazırkı vəziyyəti, bölgədə ABŞ-ın nəzarəti barədə məxfi məlumatlar toplayan və bu ölkədə bəzi diversiya aktları planlaşdıran əsas casuslardan ikisi – rusiyalı Mixail Şoqal və liviyalı, Qəddafi tərəfdarı Samer Suefani həbs edilib.

Əməliyyat zamanı bəlli olub ki, "Vilevski Ostrov" şirkəti kimi qeydə alınan, Yevgeni Prevoginin sahibi olduğu şirkət əslində casus yuvası imiş. Şirkətin fəaliyyəti araşdırılarkən onun bazasından Liviyadakı siyasi, hərbi, iqtisadi vəziyyətə dair xeyli gizli raport və şifrəli materiallar, həmçinin şərti adlar altında fəaliyyət göstərən rus agentləri haqda kəşfiyyat məlumatları aşkarlanıb.

Tədqiqat zamanı o da məlum olub ki, Rusiya kəşfiyyatı Liviyada çevriliş nəticəsində öldürülən diktator Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi ilə bir neçə dəfə məxfi danışıqlar apararaq onun Liviyada hakimiyyətə gətirilməsini müzakirə edib. Liviya kəşfiyyatının məlumatında qeyd edilir ki, Moskva Seyfülislam Qəddafini vaxtaşırı ən vacib məxfi məlumatlarla təmin edirmiş.

Bölgədə Amerikanın fəaliyyətini sıxışdırmaq üçün gizli çalışan daha iki agentin axtarışı davam edir. Rusiya agentura şəbəkəsinin üzvü olan Aleksandr Prokofyev və "Konstantin Aleksandr" ləqəbli casusun hələ də Liviya ərazisində olduğu güman edilir.

Xatırladaq ki, 2019-cu ildə amerikalılarla Liviya hərbi qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Liviya ərazisində Qərb və ABŞ-a məxsus obyektləri nəzarətə almaq istəyən rus casus şəbəkəsinin iki üzvü həbs edilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.