İranlı general Qarabağ savaşından danışdı: “Regionda geopolitik durumun dəyişdirilməsini qəbul etməyəcəyik”

6-11-2020, 21:39           
İranlı general Qarabağ savaşından danışdı:
İran ordusunun quru qüvvələrinin komandanı general Kiyumərs Heydəri noyabrın 6-da mediaya açıqlamasında Azərbaycanla Ermənistan arasındakı savaşdan danışıb.

Dağlıq Qarabağ və ətraf rayonlarda Azərbaycanla Ermənistan arasında davam edən münaqişəyə toxunan Kiyumərs Heydəri deyib ki, İran bölgədə sülh və təhlükəsizliyin qorunması üçün əlindən gələni edəcək: “Biz iki qonşu ölkə arasındakı ixtilafların danışıqlar yolu ilə həll edilməsinə təkid edirik. Bölgənin geopolitik vəziyyətinin qorunması bizim qırmızı xəttimizdir və hesab edirik ki, heç bir güc regionun coğrafiyasını dəyişmək niyyətində olmamalıdır. Biz bunu qəbul etməyəcəyik.


Hazırda ordumuzun quru qüvvələrinin bölmələri sərhəd bölgələrinə yerləşdirilib və biz onları daha gücləndirərək var gücümüzlə ölkənin təhlükəsizliyinin qorunması istiqamətində çalışacağıq. Biz heç bir gücün beynəlxalq qanunları pozaraq regiona müdaxiləsinə imkan verməyəcəyik.


Biz, İran İslam Respublikasının qırmızı xətlərinin keçilməsinə imkan verməyəcəyik. İnsanların təhlükəsizlik və asayişinin qorunması və təmin edilməsi isə bizim qırmızı xəttimizdir.


Allaha şükürlər olsun ki, hazırda ölkəmizin şimal-qərb sərhədlərində heç bir təhlükə bizi təhdid etmir. Bizim hər iki qonşu ölkə ilə (Azərbaycan və Ermənistan-red) çoxlu ortaq cəhətlərimiz var. Elə buna görə də hər iki ölkəyə tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşaraq və beynəlxalq sərhədləri qoruyaraq, öz aralarındakı ixtilafları müzakirə və danışıqlar yolu ilə həll etməyə çalışsınlar" –deyə, İran ordusunun quru qüvvələrinin komandanı Kiyumərs Heydəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında bəyan edib.günaztv/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.