ABŞ ordusundan "qlobal geriçəkilmə"- Əfqanıstan, İraq, indi də Somalidən...
19-11-2020, 06:17

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp sərəncamında qalan iki aydan bir qədər artıq müddət ərzində bütün ABŞ ordusunu «qlobal geriçəkilmə» çərçivəsində (Əfqanıstanda ABŞ kontingentinin əhəmiyyətli dərəcədə ixtisarı və İraqda nisbətən az sayda hərbçi saxlamaq) Somalidən çıxara bilər.
Bu barədə noyabrın 17-də «Röyter» agentliyinə Vaşinqtondakı rəsmi şəxslər məlumat verib. Onlar bu informasiyanı anonimlik şərtilə bölüşüblər.
Mənbələrin sözlərinə görə, hələlik heç nə axıra qədər razılaşdırılmayıb və ABŞ ordusunun hərbi-siyasi rəhbərliyindən heç bir əmr gəlməyib.
Buna baxmayaraq, son günlər Trampın Somaliyə yönəlik tezliklə qərar verəcəyi gözləntiləri artmaqdadır.
Ötən bazar ertəsi «Röyter» agentliyi xəbər verib ki, Tramp Əfqanıstandan ordunun qismən çıxarılması ilə razılaşmağa məcbur olub
Baxmayaraq ki, bundan əvvəl bütün ordunun bu ölkədən Milad bayramına qədər (dekabrın 25-i) çıxarılacağı vəd olunmuşdu.
Ağ Evdəki mənbələrin məlumatına görə, gözlənilir ki, getməzdən qabaq ABŞ lideri həm də İraqdakı hərbçilərin sayının az da olsa (3 min nfərdən 2,5 min nəfərə qədər) ixtisarı barədə əmr versin.
Hazırda Somalidə 700 nəfərə yaxın ABŞ həbçisi yerləşir. Onlar guya, «Əl-Qaidə» ilə əlaqəli «Əş-Şabab» qruplaşmasını çökdürmək üçün ordadır.
azpolitika