Tehranın Cənubi Qafqazda gedən hazırkı proseslərdən kənarda qalmasının ƏSAS SƏBƏBİ

3-12-2020, 12:05           
Tehranın Cənubi Qafqazda gedən hazırkı proseslərdən kənarda qalmasının ƏSAS SƏBƏBİ
Azərbaycan torpaqlarının azad olunması uğrunda apardığı Vətən müharibəsindən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb. Hərbi əməliyyatların gedişində, həmçinin dayanmasından sonra bölgədə Rusiya-Türkiyə-Azərbaycan ittifaqının formalaşması prosesi getməkdədir. Cənubi Qafqazda marağı olan cənub qonşumuz İran hər iki prosesdən kənarda qalıb. Hərbi əməliyyatlar müddətində bir neçə dəfə vasitəçilik təşəbbüsü göstərsə də, Tehranın bu cəhdləri uğursuz olub. İndi isə bölgənin siyasi və iqtisadi səhnəsini tamamilə dəyişəcək postmüharibə dövrü başlanıb. Türkiyə və Rusiya Azərbaycanın Qarabağ bölgəsində sülhün təmin olunması istiqamətində birgə fəaliyyətlərə başlayıblar. Bu prosesdə də İranın iştirakı görünmür.

Son illərdə ABŞ-ın kəskin sanksiyaları ilə üzləşən İranın bölgədə gedən siyasi proseslərdən kənarda qalması nə qədər davam edə bilər? Bu ölkənin 2016-cı ildə Çinlə əməkdaşlığa dair imzaladığı sazişin reallaşması istiqamətində də ciddi addımların atıldığı hiss olunmur. Bir müddət öncə ABŞ-a qarşı Rusiya-İran-Türkiyə əməkdaşlığının formalaşdırılması istiqamətində atılan addımlar da davamlı olmadı. Sanksiyaların yaratdığı sosial-iqtisadi problemləri koronavirus pandemiyası daha da dərinləşdirməkdədir. Belə bir şəraitdə İranın mühasirədən çıxması ehtimalı nə qədər yüksəkdir?

“The New York Times” nəşrində dərc olunan müsahibəsində ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərinin qalibi olmuş Cozef Bayden İranla münasibətlərin yumşaldılacağını bəyan edib. O, ABŞ-ın İranla nüvə proqramı üzrə əməkdaşlıq sazişinə qayıdacağını bildirib: “Bu, asan olmayacaq. Lakin biz yenidən bu sazişdə iştirak edəcəyik. Öz müttəfiqlərimizlə birlikdə danışıqlarda iştirak edəcək, İranın nüvə proqramına məhdudiyyətin davam etməsinə dair və həm də raket proqramını əhatə edəcək əlavə razılaşmaların əldə olunmasına çalışacağıq”. Bayden hesab edir ki, İranın nüvə proqramının məhdudlaşdırılmasına dair bağlanmış saziş regionda stabilliyi qorumaq üçün ən yaxşı alətdir. Əks halda, siyasətçinin fikrincə, elə bir vəziyyət yaranacaq ki, bölgədəki Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ölkələr də nüvə silahına malik olmağa çalışacaqlar: “Bu bölgədə nüvə potensialının yaranması bizim istədiyimiz ən son şeydir”.

Qeyd edək ki, İranın nüvə proqramının məhdudlaşdırılmasına dair saziş 2015-ci ildə imzalanıb. 2018-ci ildə ABŞ prezidenti Donald Tramp ölkəsinin sazişdən çıxdığını elan edərək İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə qərar verib.

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyevanın sözlərinə görə, bölgədə Rusiya-Türkiyə-Azərbaycan ittifaqının formalaşmasının əsas faktoru Azərbaycanın Vətən müharibəsi deyil, Cənubi Qafqaz regionunun ümumu qlobal təhlükəsizlikdə rolu və bu müstəvidə son illər meydana çıxan yeni reallıqların region üçün formalaşdırdığı çağrışlar və regionun təhlükəsizliyi faktorudur: “Azərbaycan bu regionun coğrafi əhəmiyyətinə görə strateji açar ölkəsidir. İyirminci əsrin sonlarından sürətlənən qlobollaşma prosesi və bu prosesdə aparıcı qüvvələr Cənubi Qafqazda müxtəlif parametrlər üzrə Gürcüstanı lider ölkə elan etmişdilər. Reallıq isə ondan ibarətdir ki, Cənubi Qafqazın bütün parametlər üzrə lideri Azərbaycandır. 2000-ci illərdən başlanan, ilk on illikdə isə sürətlənən antiqlobalist proseslər bütün regionlar üzrə reallıqların yeni parametlərini formalaşdırırdı. 2020-ci ilin hadisələri, konkret olaraq koronavirus pandemiyası dünyanın simasını dəyişdi. Pandemiya fərdin davranış qaydalarından tutmuş dünyanın siyasi-iqtisadi düzənində hər şeyi dəyişdi deyə bilərik. Bu dəyişiklikləri qloballaşma prosesinin yekunlaşması da adlandıra bilərik. Bu proses qlobal səviyyədə bütün spektrlər üzrə regional təsisatlara baxışı dəyişdi. Yeni şərtlər yeni regional iqtisadi əlaqələrin və birliklərin vacibliyini diqtə etdi. Bu isə o deməkdir ki, regional siyasi birliklərin formalaşması, sadəcə, zaman məsələsidir. Bu halda isə aradan qaldırılmalı olan əsas məsələ regional siyasi-iqtisadi birliklərə mane olan konfliktlərdir və bu konfliktlər aradan qaldırılmalıdır. Dağlıq Qarabağ konflikti postsovet ölkələrində həll edilən ilk konflikdir. Konfliktin hərbi mərhələsi bitdi, geriyə siyasi həlli qalıb. Bu isə iqtisadi və diplomatik alətlərlə həll edilməlidir. İranın bölgədəki proseslərdən kənarda qalmasına gəlincə, ümumiyyətlə götürsək, son illərdə İranın faktiki olaraq təkləndiyi müşahidə olunur. 2014-cü ildən Rusiya və Türkiyənin Yaxın Şərq regionunun təhlükəsiziyi mövzusunda başlatdığı proseslərə İran da cəlb edilmişdi. Tərəfdaşlığın ən vacib elementi güvəndir. Bu, bütün davranışlarda belədir, istər sosial, istər iqtisadi, istər siyasi sahədə. Məhz Yaxın Şərq regionunun təhlükəsizliyi məsələsində İranın daha sonrakı davranışları onun güvənsiz tərəfdaş olmasını sübut etdi. Əgər İran təkləndiyini hiss edirsə, bunun əsas günahkarı öz davranışlarıdır”.

Politoloqa görə, İranın Cənubi Qafqazda gedən hazırkı proseslərdən kənarda qalmasının əsas səbəbi məhz onun mövqeyinə olan etimadsızlıqdan irəli gəlir: “Çinlə bağlanan sazişin az işlək olması isə ondan qaynaqlanır ki, Çin proseslərdə adəti üzrə gözəgörünməz oyunçu rolunda olur. Regionda iqtisadi əlaqələrdə birbaşa iştirakçı, siyasi mövzularda isə hibrid oyunçudur. Cənubi Qafqaz Çinin artan qlobal nüfuzunun dairəsində xüsusi bənddir və Çin regionun hər üç ölkəsində iqtisadi ələtlərdən fərqli, süni zəka və hibrid alətlərlə iştirakçıdır”.

Y.Hacıyeva qeyd edir ki, regional sülh və təhlükəsizlik adətən bütün regional oyunçuların iştirakı ilə formalaşır: “Amma daha öncə də qeyd etdiyim kimi, İran təklənməsinin səbəblərini öz güvənsiz davranışlarında axtarmalıdır. Qonşu dövlətlər haqqında radikal və fatal çağırışlar edən bir dövlətin təklənməsi, sadəcə, vaxt məsələsidir. Son günlərdə İranın öz təhlükəsizliyinin təmin edilməsi istiqamətində atacağı addımlar haqqında verdiyi mesajlar analitiklərdə onun özünütəcrid siyasətinə üstünlük verməsi qənaətini artırır”.

Politoloqun fikrincə, yaxın 4 ildə ABŞ-İran münasibətləri Tramp administrasiyası zamanında olduğundan daha loyal bir münasibət olacaq: “Ümumiyyətlə, bu ölkələr arasında münasibətlər həmişə ABŞ-ın demokrat prezidentlərinin idarəçiliyi zamanı yumşalır. Buna görə də düşünürəm ki, ABŞ-la İranın irəlidəki 4 ildə münasibətləri nüvə sənayesi mövzusunda əldə edilmiş ümumi razılıqlarla müşayiət olunacaq. Eyni zamanda İrana qarşı ABŞ sanksiyalarının da xeyli yumşalacağı gözləniləndir”.

Məlum olduğu kimi, Avropa Birliyi 2018-ci ildən ABŞ-ın İrana qarşı sərtləşdirilən sanksiyalarını dəstəkləməyib. Hətta İranla ABŞ sanksiyalarından yayınmaqla ticarət əlaqələrinin qurulması üçün yeni maliyyə mexanizmi də işə salınıb. Y.Hacıyeva deyir ki, İranın Avropa Birliyi ilə münasibətləri mövcud xarici siyasətində mühüm yer tutur: “Avropa Birliyi İranın iri ticari tərəfdaşıdır, alıcısıdır. Avropa Birliyi ilə ticarət İran iqtisadiyyatının həyati vacib elementidir. Həmçinin İran da Avropa Birliyi üçün vacib tərəfdaşdır. Təsadüfi deyil ki, Avropa Birliyi İrana qarşı sanksiyaların tətbiqi məsələsində Trampı dəstəkləmədi. Hazırda münasibətlərində ümumi razılığa gəlməyən hər hansı bir məqam yoxdur, lakin İranın Balkanlardakı dini ideoloji aktivliyi Avropa Birliyinin narahatlıq keçirdiyi həssas mövzulardandır. Buna baxmayaraq, Avropa komissiyalarının İranla ticarət əlaqələri davam edir və hətta inkişaf edir də deyə bilərik. Bu əlaqələrin ABŞ-İran münasibətləri yumşaldıqdan sonra daha da genişlənəcəyi şübhəsizdir”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.