Fransa hökuməti ölkə parlamentinin Qarabağ çağırışını rədd edib

4-12-2020, 09:48           
Fransa hökuməti ölkə parlamentinin Qarabağ çağırışını rədd edib
Dekabrın 3-də Fransanın xarici işlər naziri Jan İv Le Drian Fransa Milli Assambleyasının Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına edilmiş çağırışını rədd edib.
Alman dalğası radiosunun verdiyi xəbərə görə nazir bildirib ki, Dağlıq Qarabağın tanınmasını “hətta Ermənistan da rica etməyib”.
O əlavə edib ki, belə bir qərar “Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi öz səlahiyyətlərinə xitam verməsinə bərabər olardı”.
Bundan əvvəl Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Dağlıq Qarabağın tanınmasına və onun əhalisinin mühafizəsinə çağıran qətnamə qəbul etmişdi.
Qətnamənin leyhinə 188 millət vəkili səs verib. 16 deputat bitərəf qalıb.
Qətnamənin birinci hissəsində Fransa millət vəkilləri “münaqişənin son tənzimlənməsinə nail olmağa” çağırırlar.
Qətnaməyə görə “belə bir tənzimləmə mülki əhalinin uzun müddətdə təhlükəsizliyinin təmin edilməsinə, sülh prosesinin başlanmasına və Dağlıq Qarabağın tanınmasına yol açardı”.

Qətnaməyə Türkiyə məsələsi də qatılıb
Sənəddə habelə Fransa hökumətinə “partnyorlarla birlikdə” “Qarabağa humanitar yardım göstərilməsi” üçün çağırış edilir.
Qətnamənin üçüncü maddəsində hökumətdən Ankaranın bu münaqişədə “isbat edilmiş rolunu nəzərə almaqla, Avropa partnyorları ilə birlikdə Türkiyənin Avropa İttifaqı üzvlüyünə doğru hərəkətinə yenidən baxılması” rica olunur.
Qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır.
Noyabrın 25-də Fransa Senatı buna bənzər qətnamə qəbul etmişdi.
Bundan sonra Fransa XİN hökumətin Dağlıq Qarabağın müstəqilliyini tanımaq niyyətində olmadığını bildirmişdi.
Buna baxmayaraq Azərbaycan hökuməti Fransa Senatının qətnaməsi ilə bağlı Parisə etiraz notası təqdim etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.