“Azərbaycanın borusu” ətrafında ziddiyyətli hadisələr

30-04-2015, 16:05           
“Azərbaycanın borusu” ətrafında ziddiyyətli hadisələr
İtaliya hökuməti Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik Qaz Kəmərinin (TAP) marşrutunu təsdiqləyib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Röyter” agentliyi İtaliyanın Apuliya vilayətinin rəhbəri Niçi Vendolaya istinadən məlumat yayıb.

“Hökumət TAP layihəsini təsdiqlədi, boru kəməri Melandunyodan keçəcək”- deyə N.Vendola kabinetin iclasından sonra bildirib.

N.Vendola özü kəmərin İtaliyanın zeytun bağları ilə zəngin cənub əyalətlərindən keçməsinə qarşı çıxış edib.

Xatırladaq ki, neçə vaxtdır İtaliyada müəyyən qruplar ekoloji amilləri əsas götürərək TAP kəmərinə qarşı çıxış edirlər. Hətta bu yaxınlarda TAP konsorsiumunun podratçı şirkətlərindən birinin iki texnikası sabotaj nəticəsində sıradan çıxarılmışdı.

TAP kəmərinə dair digər məlumatı EurAktiv portalı yayıb. Orada bildirilir ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan, Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəməri layihəsinə üçüncü şəxslərin daxil olmasını məhdudlaşdıran qərarın müddəti uzadılıb. Bu barədə kəmərin keçəcəyi ölkələrin - Yunanıstan, İtaliya və Albaniyanın müvafiq orqanlarnın yaydığı birgə rəsmi mövqedə bildirilir.

Rəsmi mövqeyə görə, kəmər layihəsi Avropa İttifaqının (Aİ) “Üçüncü enerji paketi”nin bəzi direktivlərindən daha iki il azaddır. Bu isə o deməkdir ki, Azərbaycandan daha tez Türkiyənin Yunanıstanla sərhədinə ildə 63 milyard kubmetr qaz çıxarmağa hazırlaşan Rusiyanın “Qazprom” şirkəti TAP kəmərindən istifadə edə bilməyəcək.

Aİ-nin daxili bazarı tənzimləyən qaydalarına əsasən energetika infrastrukturları, o cümlədən qaz kəmərləri üçüncü şəxslərə açıq olmalıdır. Bununla belə Avropa Komissiyası Cənub Qaz Dəhlizinin Rusiyanın inhisarçı mövqelərini zəiflətmək baxımından əhəmiyyətini nəzərə alaraq TAP-u 2013-cü ildə bu tələblərdən azad edib.

Bu günlərdə isə həm “Qazprom”un, həm İranın TAP kəmərindən istifadəsinin mümkünlüyü gündəmə gəlmişdi.



Lakin TAP layihəsinin Aİ-nin daxili bazara dair tələblərindən azad edilməsi o şərtlə baş vermişdi ki, kəmərin tikintisi 2016-cı il, mayın 16-dan gec olmayaraq başlasın və kəmər 2019-cu il, yanvarın 1-dən gec olmayaraq istismara verilsin. TANAP və TAP kəmərləri ilə Azərbaycan qazını Avropaya nəql etməyə hazırlaşan “Şahdəniz” konsorsiumu isə TAP konsorsimuna müvəqqəti əməliyyat tarixlərinə dair yeni məlumatları təqdim edib.

Bu tarixlərə əsasən TAP-ın istismara verilməsi üçün zaman dəhlizi 2020-ci il, yanvarın 1-dən dekabrın 31-dək müəyyən edilib. Başqa sözlə, kəmərin istismara başlaması təxminən iki il gecikəcək. Belə olan halda Aİ-nin TAP-a güzəştinin də müddəti bitmiş olur.

“Qazprom”un TAP kəmərindən istifadəsi imkanları daralsa da Rusiya şirkəti Yunanıstan, Makedoniya, Serbiya və Macarıstanı bir-biri ilə əlaqələndirən, daha sonra Avstriyanın Baumqarten əyalətinə çıxan “Tesla” qaz kəməri layihəsini irəli sürüb. Bu, Rusiyanı Türkiyənin Yunanıstan sərhədinə bağlayacaq “Türk axını” kəmərinin davamı kimi nəzərdə tutulur.

Aİ Rusiyadan qaz asılılığını azaltmaq üçün Cənub Qaz Dəhlizini dəstəkləyir. Rusiya isə Ukrayna ərazisindən qaz tranzitini tamamilə dayandıracağını elan edərək yeni dəhliz üzərində işə başlayıb. Bu, Yunanıstan, Makedoniya, Serbiya, Macarıstan kimi tranzit ölkələr üzərində siyasi təsir imkanlarını artırmağa, habelə “Cənub axını” layihəsini dayandıran Bolqarıstanı cəzalandırmağa hesablanıb.

Bu baxımdan Cənub Qaz Dəhlizinin ləngiməsi Rusiyanın maraqlarına cavab verir. Lakin ekspertlərə görə, Cənub Qaz Dəhlizi real layihədir və həyata keçiriləcək, “Tesla” isə hipotetik layihədir və onun həyata keçirilməsi üçün azı 10 il lazım gələ bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.