"Cənab de Mezyer! Həyasızcasına yalan danışırsınız!"
30-04-2015, 20:55
Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) ABŞ kəşfiyyatının xahişi ilə fransalı məmurlara və Avropa İttifaqının (Aİ) mənzil-qərargahına qarşı casusluq edib.
Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, Almaniya KİV-lərinin əlinə keçən bəzi informasiyalar nəticəsində məlum olub ki, Bad-Ayblinqdəki izləmə stansiyası Fransanın prezident sarayı və Fransa XİN-in binalarını, o cümlədən Avropa Komissiyasının mənzil-qərargahını nəzarətdə saxlayıb.
Sənədlərə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də bir sıra Avropa şirkətləri barədə məlumatlar toplayıb. Lakin Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bu faktları inkar edib.
Almaniya KİV-lərində qeyd olunur ki, BND amerikalı həmkarlarının xahişi ilə bəzi Avropa şirklətlərinin silah embarqosunu pozub-pozmadığını öyrənmək üçün casusluq edib.
“Bild” tabloidində T.Mezyerin burnunun Pinokkio kimi uzandığı karikatura dərc olunub. Karikaturanın altında yazılıb: “Cənab de Mezyer! Həyasızcasına yalan danışırsınız!”.