İşğalçı Xankəndi rejiminə yardım dayandırıldı - Obamadan şok addım
10-02-2016, 19:49
Amerika Birləşmiş Ştatlarının gələn ilki dövlət büdcəsi layihəsində Dağlıq Qarabağdakı işğalçı rejimə yardım üçün vəsait nəzərdə tutulmayıb.
ANS PRESS-in məlumatına görə, bu fakt prezident Barak Obama tərəfindən 2017-ci maliyyə ili üzrə dövlət büdcəsi layihəsi dərc edildikdən sonra məlum olub.
Bundan əvvəlki büdcələrdə isə hər il Dağlıq Qarabağ rejiminə 1,5 milyon dollar ayrılırdı. Bu, Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) təlaşına səbəb olub. ANCA-nın icraçı direktoru Aram Ambaryan ABŞ tərəfindən Dağlıq Qarabağdakı işğal rejiminə 5 milyon dollar yardım ayırmağı tələb edib. Abramyanın iştahı bununla bitmir və o, Gürüstanda ermənilərin yığcam yaşadığı Axalkalaki bölgəsinə də 6,3 milyon dollar ayırmağı tələb edir.
Amma çətin ki, Amerika administrasiyası bu cür absurd tələbləri yerinə yetirsin. Buna görə də keçmiş səfir, politoloq Fikrət Sadıqov ANS PRESS-ə musahibəsində bunu Azərbaycan diplomatiyasının qələbəsi sayıb: “İndiyə kimi ABŞ Xankəndidəki rejimə hər il 1,5 milyon dollar yardım ayırırdı. Bu, Azərbaycanın haqlı narazılığına səbəb olurdu. Rəsmi Bakı dəfələrlə ABŞ Dövlət Departamentinə məktub yazaraq işğal edilmiş ərazilərə yardımı dayandırmağı tələb edirdi. Göründüyü kimi, ABŞ tərəfindən sağlam düşüncə nümayiş etdirilib. Düşünürəm ki, Barak Obama administrasiyası geriyə addım atmayacaq”.
Amma istənilən halda Azərbaycan diplomatiyası dinc durmamalıdır və erməni lobbisinin əks gedişlərinin qarşısını almalıdır. Hər halda, Aram Ambaryanın bu cür davranması səbəbsiz deyil və müəyyən məqsəd daşıyır. Əvvəlki illərdə ABŞ-dakı erməni lobbisi inad göstərərək Amerika rəhbərliyi qarşısında tələblər qoyub və müəyyən məqsədlərə çatıb. Məsələn, bu cür inadın nəticəsində 2017-ci ildə Ermənistana ayrılacaq iqtisadi yardım 22 % artırılıb.
Bunun nəticəsidir ki, Amerika Birləşmiş Ştatlarının 2017-ci ildə Ermənistana edəcəyi iqtisadi yardım Azərbaycana edəcəyindən təxminən iki dəfə çox olacaq və bu, 22 milyon 412 min dollar təşkil edəcək. Büdcə layihəsində Azərbaycana ediləcək yardım isə $10 milyon 936 min dollar səviyyəsində nəzərdə tutulub.
Aram Ambaryan Ermənistana ediləcək iqtisadi yardımı 40 milyard dollara qədər artırmağı tələb edir. Ermənilər bu məsələdə Gürcüstanın göstəricisinə yaxınlaşmaq istəyirlər.
Çünki hər iki Cənubi Qafqaz ölkəsinə - Azərbaycana və Ermənistana ediləcək yardım yaxın qonşuları Gürcüstanla müqayisədə çox az olacaq. Barak Obama administrasiyası 2017-ci ildə Gürcüstana 63 milyon dollar yardım eləməyi qərara alıb.
ABŞ-ın 2017-ci ildə etmək istədiyi hərbi yardım göstəricisində də Azərbaycan və Ermənistan Gürcüstandan xeyli geri qalır. Azərbaycan və Ermənistanın hər birinə 1 milyon dollar hərbi yardım edilməsi nəzərdə tutulduğu halda, Gürcüstana gələn il 20 milyon dollar hərbi yardım ayrılması təklif edilir.
Odur ki, diplomatiyamız üçün görüləcək çox işlər var. Buna görə də əldə edilmiş ilk uğurdan kifayətlənib rahatlaşmaq olmaz. Azərbaycan ictimaiyyətinin daha böyük uğurlara ehtiyacı var.