"Rosselxoznadzor" Azerbaycanı türk mallarının ixracatında ittiham edir
18-02-2016, 20:28
Rusiyanın fitosanitariya və baytarlığa nəzarət xidməti “Rosselxoznadzor” qurumu Azərbaycanın Türkiyə pomidorlarını Rusiyaya ixrac etməkdə şübhəli bilir.
ANS PRESS-in məlumatına görə, bu haqda “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert “İnterfaks” agentliyinə açıqlamasında bildirib. “Türkiyədən bitki məhsullarının ixracına qoyulan qadağaya riayət edilməsinə dair Azərbaycan və İranın öhdəliklərinin yoxlanılması zamanı müəyyən olunub ki, yanvar ayında Azərbaycan Rusiyaya pomidor ixracının səviyyəsini 5 dəfə artırıb.” – deyə Dankvert bildirib.
Rusiya rəsmi orqanları azərbaycanlı həmkarlarının istixanada yetişdirilən pomidorların ixracatını kəskin şəkildə artırmasını anlamadıqlarını bildirib. Eyni zamanda onlar qeyd edirlər ki, Azərbaycanın fitosanitar xidməti təqdim etdiyi sertifikatlarla tərəvəzlərin məhz Azərbaycanda yetişdirildiyini təsdiq edir.
Sergey Dantvert “Rosselxoznadzor”un artıq Rusiya tərəfinin narahatlığı ilə Azərbaycanın müvafiq qurumlarına məktubun göndərildiyini və məsələlnin daha dəqiq araşdırılması üçün rus müfəttişlərinin pomidorların istehsal olunduğu istixanaların yoxlanılması üçün Azərbaycana ezam edilməsini istisna etmir.
Eyni zamanda “Rosselxoznadzor” İranın yoxlanılması zamanı bu ölkənin Türkiyədən bitki məhsullarının ixracına qoyulan qadağaya riayət edilməsinə dair öhdəlikləri yerinə yetirdiyinin müəyyən edildiyini bildiridi.
Türkiyədən Rusiyaya bitki və digər məhsulların ixracına 2016-cı ilin yanvarın 1-dən qadağa qoyulub.
“Rosselxoznadzor” iddiasına cavab olaraq Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən bildirdilər ki, məsələ araşdırılır.