Rusiya Azərbaycan pomidorunda «Türkiyə izi» axtarır - Müfəttiş göndərirlər...

22-02-2016, 14:19           
Rusiya Azərbaycan pomidorunda «Türkiyə izi» axtarır - Müfəttiş göndərirlər...
Yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı dekabrla müqayisədə 5 dəfə artıb. Müştərilərin reaksiyası bilinməsə də, bu ölkənin nəzarət orqanları həmin faktdan şübhələnib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəisi Sergei Dankvert Azərbaycanın nəyin hesabına belə kəskin artıma nail olmasının suallı qaldığını bildirib. O, pomidorun Türkiyədən gətirilib Azərbaycandan reeksport edildiyinə eyham vuraraq, narahatlığını dilə gətirib. Azərbaycan tərəfi həmin məhsulun yerli mal olduğuna dair sertifikat versə də, Rusiya tərəfi məsələni dəqiqləşdirmək üçün müfəttiş göndərməyi düşünür.

AZƏRBAYCAN TƏRƏFİNİN REAKSİYASI GECİKMƏYİB

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev mediaya açıqlamasında deyib ki, rusiyalı həmkarının narahatlığına heç bir əsas yoxdur.

O, Azərbaycandakı istixanalarda yetişdirilən 2.6 min ton pomidorun yanvar ayında Rusiyaya yola salındığını bildirərək, bunda «Türkiyə izi» axtarmağı anlamsız sayıb:

«Ötən ilin dekabrında TürkiyədənAzərbaycana 23.6 ton, yanvarda isə 127.9 ton pomidor gətirilib. Bir ayda artım gözə dəysə də, ötən ilin yanvarı ilə müqayisədə həmin məhsulun ölkəmizə idxalının 25 faiz azaldığını nəzərə almaq lazımdır».

«RUSİYA AZƏRBAYCAN ÜÇÜN ƏNƏNƏVİ BAZARDIR»

Azərbaycan tərəfi Rusiyaya pomidor ixracının obyektiv səbəblərini də açıqlayıb: «Rusiyanın bir sıra ölkələrdən kənd təsərrüfatı və ərzaq məhsulları idxalını qadağan etməsi Azərbaycan fermerlərinə yeni imkanlar yaratdı və onlar bu fürsəti düzgün dəyərləndirib ixracatı artıra bildilər. Bu, çətin olmadı, çünki Rusiya Azərbaycan üçün ənənəvi bazardır. Manatın devalvasiyası da ixracata müəyyən stimul qatdı».

Camal Quliyev rusiyalı həmkarlarının Azərbaycana gəlib pomidorun necə yetişdirilməsi ilə tanış olmaları üçün hər cür şəraitin yaradılacağını da sözlərinə əlavə edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda pomidor istehsalı 19.3 min ton azalaraq, 481.4 min ton olub. Gömrük Komitəsi həmin il Rusiyaya 55 min tondan çox pomidor göndərildiyini bildirir. 2015-ci ilin 9 ayında da bu ölkəyə bir o qədər Azərbaycan pomidoru göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.