İtaliyada Azərbaycan qazı borusuna hücum
24-02-2016, 13:02
İtaliyanın Apuliya bölgəsinin dövlət hakimiyyəti orqanının saytı beynəlxalq hakerlər şəbəkəsi “Anonimous”un hücumuna məruz qalıb. Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, hakerlər hücumu Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsinə etiraz olaraq həyata keçirdiklərini bildiriblər.
Hakerlərin cəhdlərinə baxmayaraq saytın serverinə daxil olmaq mümkün olmayıb. ANSA agentliyinin informasiyasına görə hakerlər TAP kəmərinin “ətraf mühitə zərər vuracağını” əsas gətirərək Apuliya bölgəsində kəmərin tikintisinə etiraz ediblər. Hakerlər qrupu Apulya bölgəsinin əhalisinə müraciət edir ki, “ekosistemin dağıdılmasına qarşı” səfərbər olsunlar. “Bizim hökumətimizin dənizi öz tankerləri və gəmiləri ilə çirkləndirdiyi yetər”-“Anonimous”un bəyanatında bildirilir. Belə başa düşülür ki, hücumu qrupun İtaliyadan olan üzvləri həyata keçiriblər.
Xatırladaq ki, bundan əvvəl də İtaliyada TAP layihəsinə qarşı bir çox etirazlar olub. İtaliya parlamentində təmsil olunan “5 Star” adlı siyasi hərəkat bu layihəyə qarşı aksiyaların əsas təşkilatçısıdır. Kəmərin keçəcəyi marşrut İtaliya hökuməti tərəfindən təsdiqlənib və tikintini aparacaq podratçılar seçilib. TAP Azərbaycanın “Şahdəniz-II” yatağından hasil olunacaq qazı Yunanıstan və İtaliyadan keçməklə Avropa bazarına çıxarmalıdır.