“RƏFLƏR BOŞALIB” - İngiltərədə təchizat böhranı davam edir… - SORĞU
11-10-2021, 10:07

İngiltərədə tədarük böhranı və Milad öncəsi təlatüm şəraitində milyonlarla alıcı son iki həftə ərzində vacib malları almaqda çətinlik çəkdiklərini söyləyir. Təxminən hər altı britaniyalıdan biri zəruri ərzaq məhsullarını ala bilməyib, eyni zamanda əhalinin 43%-i daha az mal çeşidindən gileylənib.
Moderator.az bildirir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri xəbər verir.
Qəzet yazır ki, dünən səhər İngiltərədəki tədarük böhranı fonunda, bütün ölkə üzrə mağaza rəfləri boşalıb və milyonlarla alıcı son iki həftə ərzində zəruri əşyaları almaqda çətinlik çəkdiklərini söyləyirlər. Şəkillər göstərir ki, bəzi supermarketlərin rəflərində nə ət, nə meyvə, nə də dondurulmuş məhsullar qalıb, alıcılar bayram qabağı tualet kağızı və su şüşələri yüklənmiş arabaları daşıyırlar.
“The Grocer” jurnalı tərəfindən minlərlə istehlakçı arasında aparılan sorğu alıcıların üçdə ikisinin Milad bayramı ərəfəsində potensial ərzaq və içki çatışmazlığından “narahat” və ya “çox narahat olduğunu” göstərib.
Dekabrın 25-də masalarını bayram nemətləri ilə bəzəyəcəklərinə əmin olmaq üçün yüz minlərlə britaniyalı artıq çatdırılma yerlərinə sifarişlər verib və hər üç müştəridən biri indidən ərzaq tədarükü görməyə başlayıb.
Milli Statistika Bürosunun yeni məlumatlarına görə, son iki həftə ərzində təxminən hər altı ingilisdən biri əsas qida məhsullarını ala bilməyib və bu onu göstərir ki, əhali təşvişə düşərək ərzaq ehtiyatı toplamağa çalışır. Eyni zamanda respondentlərin təxminən 17%-i zəruri malları əldə edə bilmədiklərini qeyd edib, çünki onlar artıq tükənib.
Sorğuda iştirak edən yetkin insanların təxminən dörddə biri o qədər də vacib olmayan ərzaq məhsulları haqqında da eyni şeyi deyib. Buna baxmayaraq, mal çatışmazlığını necə yaşadıqları ilə bağlı sorğuya respondentlərin 57%-i istədikləri şeyi istənilən vaxt ala biləcəklərini söyləyiblər.
Eyni zamanda hər yeddinci britaniyalı yanacaq və nəqliyyat böhranı şəraitində yanacaq ala bilmir, bu səbəbdən sürücülər bəzən yanacaq doldurma məntəqələrində saatlarla növbədə dayanmalı olurlar.
10 respondentdən 6-sı hesab edir ki, alış-veriş həmişəkindən fərqli olaraq baş tutub. 43% daha kiçik mal çeşidini qeyd edib və respondentlərin 14%-i ehtiyac duyduqlarını almaq üçün başqa mağazalara getməli olublar.
İngilislərin beşdə biri ehtiyac duyduqları əşyaların olmadığı bir vəziyyətlə üzləşdiklərini, ancaq ona əvəz tapmağı bacardıqlarını söyləyib, digər beşdə biri isə buna nail ola bilmədiklərini deyib.
Yetkin insanların 13%-i reseptlə buraxılan dərmanlar üçün daha uzun müddət gözlədiklərini, 4%-i ehtiyac duyduqları dərmanları tapmaq üçün daha çox aptekləri ziyarət etməli olduqlarını qeyd ediblər.
“Alıcılar Milad alış-verişlərinin çoxunu noyabrın sonuna təxirə salmağa meyllidirlər, amma bu il istehlakçıların oxuduqları və eşitdikləri narahatlıq səbəbiylə noyabr ayının sonunda gözlənilən tələbatın oktyabr ayına keçdiyini görürük və hinduşka satışı bu vəziyyəti göstərən əla nümunədir”, - deyə “NielsenIQ” kompaniyasının analitiki Mayk Uotkins “The Grocer”ə bildirib.