Gürcüstanda nə olacaq? -"Siyasi qarşıdurma..."
11-10-2021, 15:42

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar.
Aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstan müxalifətinin Qanun və Ədalət Partiyasının lideri Tako Çarkviani təşkil edib. Siyasətçinin azad edilməsini tələbi ilə daha genişmiqyaslı aksiyanın oktyabrın 14-də Tbilisinin mərkəzində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Mixail Saakaşvili Gürcüstana qayıtdıqdan sonra ölkədəki daxili ictimai-siyasi vəziyyət həddindən artıq gərginləşdi. Saakaşvilinin həbs olunması isə vəziyyətin daha da kəskin hal almasına yol açdı. Bu gərginlik özünü bələdiyə seçkilərində də biruzə verdi. İndi isə onun tərəfdarları ölkədə aksiyalar keçirərək, Saakaşvilinin həbsdən azad olunmasını tələb edir.
Maraqlıdır, mövcud vəziyyətdə Gürcüstan hökuməti Saakaşvili ilə bağlı hansı addımı atacaq? Ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Mixail Saakaşvilinin yəqin ki, Gürcüstana qayıdarkən müəyyən bir planı olub:
“Hər halda hadisələrin bu şəkildə inkişaf edəcəyini proqnozlaşdırıb. Bununla əlaqədar olaraq mənim də 2 ehtimalım var idi.
Birincisi o idi ki, Mixail Saakaşvili Gürcüstana qayıdır, amma hökumət beynəlxalq təzyiqlərə görə onu həbs etməyə risk etmir. Bu isə hökumətə problemlər yaradır. Çünki Saakaşvili müxalifəti birləşdirərək, iqtidara təzyiq edir. İkinci variantda isə o, ölkəyə qayıdanda həbs olunur və hökumət və müxalifət arasında mübarizə genişlənir. Mövcud vəziyyət onu göstərir ki, ikinci variant reallaşdı.
Ölkə daxilində Saakaşvilinin tərəfdarları az olmadığına görə onu uzun müddət həbsdə saxlamaq Gürcüstan hakimiyyəti üçün çətin olacaq. Hesab edirəm ki, ölkə daxilində təzyiqlər də artacaq, çünki o adi bir siyasətçi deyil. Həmçinin, Saakaşvili Ukrayna vətəndaşı olduğu üçün Ukrayna və Qərb ölkələri onu dəstəkləyəcək.Hazırda mövcud vəziyyətlə bağlı hansısa bir yol tapılmalıdır. Düşünürəm ki, rəsmi Brüssel də bu məsələdə vasitəçi olmağa çalışacaq, çünki həll yolu tapılmasa Gürcüstandakı vəziyyət getdikcə gərginləşəcək və siyasi qarşıdurma artacaq”.
Politoloq qeyd edib ki, Saakaşvilinin Baş nazir olacağını söyləmək çətindir:
“Amma Gürcüstanda erkən parlament seçkiləri keçirilə bilər. Çünki bir müddət əvvəl Avropa İttifaqı hakimiyyət və müxalifət arasında vasitəçi olarkən də, bu mövzu gündəmə gəlmişdi. Həmin vaxt belə bir formul tapılmışdı ki, əgər bələdiyə seçkilərində hakim partiya 43 faizdən aşağı səs toplayarsa, ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır.
Lakin ilkin məlumatlarda Gürcü Arzusu Partiyasının səsi 47 faizi keçdiyi açıqlandı. Normal şərtlərdə bələdiyə seçkilərindən sonra hakimiyyət parlament seçkilərini keçirməyə də bilər. Lakin bu reallıqdır ki, Saakaşvilinin həbsi beynəlxalq təzyiqə və siyasi qarşıduramaya səbəb olacağı üçün Gürcüstanda erkən parlament seçkilərinin keçirilməsi məsələsi aktullaşa bilər”.