"Apple"-ın yaradıcısı Stiv Jobsun SSRİ macəraları

3-04-2016, 12:58           
"Apple"-ın yaradıcısı Stiv Jobsun SSRİ macəraları
George Bush onu "inqilabı aşağıdan alovlandırmaq" üçün kompüterləri SSRİ-yə gətirməyə həvəsləndirib"

2011-ci ildə Steve Jobsun 56 yaşında vəfat etməsindən sonra onun Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən az sonra Moskvaya etdiyi səfər barədə yeni detallar ortaya çıxıb.

1985-ci ilin yayında ABŞ-ın Moskvadakı səfirliyinin ticarət attaşesi Mike Merin Kaliforniyada yerləşən Apple şirkətinin SSRİ-nin paytaxtında səfərdə olan iki nümayəndəsi ilə görüşürdü. Onlardan biri, biznes kartında "Apple-ın baş müşaviri" yazılan nisbətən yaşlı adam, digəri isə bir qədər səbrsiz görünən uzun boylu bir nəfər idi.

Merin Azadlıq Radiosuna danışır ki, qonaqlar Sovet İttifaqında Apple kompüterlərinin istehsalına başlamaq üçün burada müəssisə açmaq barədə planlarını bölüşüblər. Keçmiş attaşe onları xəbərdar edib ki, onların bu planı ABŞ-ın ixracatla bağlı çoxlu sayda qanununun pozulması demək olacaq. Bu qanunlar mürəkkəb kompüter texnologiyasının ABŞ-ın əsas düşməninin əlinə düşməməsini nəzərdə tuturdu.

Ancaq Merinin sözlərinə görə, qonaqların gənc olanı onun bu xəbərdarlığına məhəl qoymaq istəməyib. O ayağa qalxaraq o zaman 25 yaşı olan attaşenin üstünə qışqırmağa başlayıb: "Siz kimsiniz? Siz adi bir bürokratsınız" Siz nə etdiyinizi bilmirsiniz!" Ancaq həmkarı Al Eisenstat müdaxilə edərək onu sakitləşdirməyə çalışıb.

Bu əhvalatı Apple-ın 40-cı ildönümü ərəfəsində danışan Merin gülərək deyir ki, həmin axşam qonaqları eksklüziv gürcü restoranına aparıb və gürcü mətbəxinin məşhur ət yeməkləri barədə söhbət əsnasında anlayıb ki, bir qədər əvvəl biznes kartına məhəl qoymadığı həmin bu şəxs əslində vegetarian olmaqda ad çıxarmış Apple-ın banisidir.


George Bush, Mikhail Gorbachev 1989
Bu, Steve Jobsun Sovet İttifaqına ilk və yeganə səfəri idi.

İyulun əvvəlinə planlaşdırılmış Moskva səfərindən əvvəl Steve Jobs Paris ticarət sərgisinə qatılıb. 2011-ci ildə nəşr olunmuş "Steve Jobs" adlı bioqrafik kitabın müəllifi Walter Isaacson yazır ki, burada ABŞ-ın ozamankı prezidenti George Bush onu "inqilabı aşağıdan alovlandırmaq" üçün kompüterləri SSRİ-yə gətirməyə həvəsləndirib. Merin Azadlıq Radiosuna deyib ki, Jobs ona da Bushla söhbəti barədə danışıb.

Bu o zaman idi ki, Apple-ın satışları zəifləmiş, Jobsun şirkətdəki əsas səlahiyyətləri əlindən alınmışdı. Bundan bir neçə ay sonra o, Apple-ın rəhbəri vəzifəsindən istefa verəcək və yalnız 10 ildən artıq vaxt keçəndən sonra geri qayıdaraq iPhone və iPad də daxil olmaqla silsilə məhsulların istehsalına başlayacaqdı.

Merin deyir ki, Mac kompüterlərini Sovet İttifaqına gətirmək fikrini Busha Jobs ötürüb. Sovetlərdə bu texnologiya olsa idi, onlar mətnləri yazaraq çap edə bilərdilər, beləcə inqilab alovlanardı ki, bu da ABŞ-a kömək olardı.

Ancaq həmin vaxt Vaşinqton Apple-a Yeni Macintosh kompüterlərini Sovet İttifaqında satmağı qadağan etmişdi. Ancaq ondan daha az güclü olan Apple II kompüterlərinin satışına məhdudiyyət qoyulmamışdı. Isaacson öz kitabında yazır ki, Jobs həmin axşam gürcü restoranında Merinə belə deyib: "Bunun bizim maraqlarımıza töhfəsi bu qədər aşkar olduğu halda siz necə iddia edə bilirsiniz ki, bu Amerika qanununu pozur?"

Steve Jobs sağda
Jobs Moskvada olduğu zaman kompüter elmləri sahəsində təhsil alan tələbələrə mühazirə də oxuyub. Ancaq bu mühazirənin tam yazısının mövcud olub-olmadığı barədə məlumatımız yoxdur. Hərçənd 2011-ci ildə Rusiya Elmlər Akademiyasının kompüter elmləri sahəsində veteran mütəxəssisi Viktor Zakharov həmin mühazirənin bir hissəsini dərc etdirib. O, həmin vaxt mühazirənin dinləyiciləri arasında olub.

Zakharovun rus dilində götürdüyü qeydlərin nə dərəcədə dəqiq olduğu da aydın deyil.

Isaacson öz bioqrafik kitabında yazır ki, Jobs Moskvada olduğu zaman mühacirət etməyə məcbur olmuş bolşevik lideri Lev Trotski barədə danışmağa başlayıb, ancaq səfər müddətində ona təhkim edilmiş "KQB agenti" ona "həyəcanını azaltmağı" məsləhət görüb.

Isaacsonun yazdığına görə, agent "Trotski haqqında danışmasanız yaxşıdır. Bizim tarixçilərimiz vəziyyəti araşdırıblar, biz onun gözəl insan olduğunu düşünmürük" deyib.

Isaacson yazır ki, bu, Jobsu inqilabçı barədə danışmağa daha da həvəsləndirib.

"Onlar Moskvadakı dövlət universitetinə kompüter elmləri tələbələrinə mühazirə oxumağa gedəndə Jobs öz nitqinə Trotskini tərifləməklə başlayıb," deyə Isaacson yazır.

Ancaq Zakharovun qeydlərində Trotski barədə bir söz yazılmayıb. Hərçənd biz Zakharovun dinlədiyi mühazirənin məhz həmin mühazirə olduğuna da əmin deyilik.

Isaacson qeyd edir ki, Jobs və Eisenstat ABŞ səfirinin Məskvadakı bağ evində ABŞ-ın müstəqillik günü olan 4 iyul münasibətilə təşkil olunmuş qonaqlıqda iştirak ediblər. Ancaq Merin xatırlayır ki, sovet rəsmiləri Jobs və başqa ABŞ nümayəndələrinin ABŞ səfirinin Moskva ətrafındakı bağındakı təşkil olunmuş özəl mərasimdə iştirakına icazə verməmişdilər.

"Onlar amerikalılara, xüsusən də iş adamlarına səfirin bağ evinə getməyə icazə vermirdilər. Bu ciddi məsələ sayılırdı. Onlar sadəcə olaraq özlərini göstərirdilər. Bu münasibətlərdə növbəti qıcıqlandırıcı faktor idi. ...Onlar sadəcə olaraq demək istəyirdilər ki, biz bunu edə bilərik və edəcəyik," deyə Merin Azadlıq Radiosuna bildirirb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.