Britaniya və Almaniya Nazarbayevin milyardlarına əl qoydu - inanılmaz faktlar...
19-02-2022, 10:39

Asif İbrahimov: “Qazaxıstan hökumətinin belə bir müraciət edib-etməyəcəyi məlum deyil”
Dünyanın nüfuzlu nəşrləri Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin dəyəri milyardlarla ölçülən əmlaklarına əl qoyulmasından yazır. Bildirilir ki, Nazarbayev təkcə Böyük Britaniya vasitəsilə 7,8 milyard dollara nəzarət edib. Bütün bu vəsaitlər Nazarbayevin Qazaxıstana rəhbərlik etdiyi dönəmdə ölkədən çıxarılıb. Yerləşdirilən vəsaitlərdən böyük qazancların da əldə edildiyi bildirilir. Böyük pulları idarə edənlərin sırasında Nazarbayevlə yaxın qohumluq əlaqəsində olan şəxslərin adları çəkilir.
Artıq Böyük Britaniya parlamentinin deputatları hökumətdən bu cür çirkli pulların ölkəyə necə daxil olması ilə bağlı izahat tələb edirlər.
Almaniyada da Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin Baden-Badendəki əmlakının müsadirə olunması tələb edilir.
Baden-Vürtemberq Landtaqında hökumətdən Nazarbayevlər ailəsinin daşınmaz əmlakı haqqında “Deutsche Welle”nin məqaləsinə reaksiya tələb edirlər. Tələblər arasında ölkə əhəmiyyətli abidənin müsadirə edilməsi də var.
16 fevral 2022-ci ildə “DW” tərəfindən Nazarbayevin Baden-Badendəki əmlakı ilə bağlı məqalə dərc olunduqdan sonra Baden-Vürtemberq Federal Dövlətinin Landtaqının üzvü, Sosial Demokrat Partiyasından Yonas Veber bu ərazinin baş naziri Vinfrid Kretçmanna məktubla müraciət edib.
“Mən sizi və əyalət hökumətinizi Baden-Vürtemberqin avtokratların və onların əmlakının sığınacağına çevrilməməsi üçün bütün mümkün tədbirləri - müsadirə olunmağa qədər - görməyə çağırıram. Fikrimcə bu, hər şeydən əvvəl, demokratik qüvvələr qarşısında borcumuzdur”, – Yonas Veber yazıb. Məktubun tam mətni “DW” redaksiyasındadır.
Nəşr yazır ki, Veberin müraciəti Yaşıllar və Xristian Demokratların tərkibində yerli hökumətə müxalif olan SPD fraksiyasındakı həmkarları ilə razılaşdırılıb.
Veber qeyd edib ki, Baden-Vürtemberq hökuməti buna qarşı səssiz qala bilməz.
“Nazarbayevlər ailəsi ilə bağlı vəziyyətdəki hərəkətsizlik digər avtokratları da cəlb etməməlidir. Bu vəziyyət bizdən qəti addım atmağı tələb edir”, - deyə deputat qeyd edib.
Alman siyasətçinin fikrincə, Baden-Baden yaxınlığındakı tarixi Bülerhöye qala-otelinə münasibətdə Nazarbayevlər ailəsinin daşınmaz əmlakının mümkün müsadirəsi məsələsi xüsusilə aktualdır. Milli əhəmiyyətli abidə olan bu otel vaxtilə kansler Konrad Adenauerin sevimli istirahət məkanı olub. Baden-Vürtemberq əyalətinin torpaq qanunvericiliyi memarlıq abidələrinin sahiblərinin hərəkətsizliyi nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşdiyi təqdirdə onların müsadirə edilməsi imkanını nəzərdə tutur.
Otelin sahibləri Timur Kulibayev və onun həyat yoldaşı Dinara, alınmasına 20 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, obyektin modernləşdirilməsinə sərmayə qoymurlar. Bölgə üçün əlamətdar turizm obyekti 10 ildən çoxdur ki, bağlanıb.
Qeyd edək ki, “DW” araşdırmasına görə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kürəkəni və ortancıl qızı Dinara və Timur Kulibayevlər, eləcə də onlarla əlaqəli şirkətlər Baden-Badendə və Baden-Vürtemberqdə daşınmaz əmlaka yüz milyon avrodan çox sərmayə qoyublar.
İnvestisiyalar 10 il ərzində, əsasən, Nursultan Nazarbayevin Qazaxıstan prezidenti olduğu dövrdə qoyulub.
Nazarbayevin oğurladığı pulları Qazaxıstana geri qaytarmaq mümkündür?
İqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, çox vaxt xaricə çıxarılan pulları ölkəyə qaytarmaq mümkün olmur: “Dövlət başçılarının ölkədən pul çıxartması təcrübəsinə çox rast gəlinib. Bəzən də pul hansısa offşor şirkətlərə yatırılıb. Maraqlısı isə odur ki, həmin vəsaitlər Nazarbayevlərin öz adlarına deyil, yaxın dostlarının, qohumlarının adına rəsmiləşib. Bunun iki variantı var. Birinci, həmin rəhbərlər sıradan çıxarılır, həbs edilir və onların xaricə çıxartdığı vəsaitlər geri tələb edilir. Belə olan halda da şikayətçi ölkə beynəlxalq məhkəmədə sübut etməlidir ki, o pullar həqiqətən oğurlanıb. Həmin pullar həm sahibi üçün pul qazanır, həm də yerləşdirilən ölkəyə fayda verir.Tutaq ki, 100 milyard oğurlanıbsa, onun 3 milyardını qaytarırlar və rəsmən elan edirlər ki, filan yerdən oğurlanmış pullar geri qaytarıldı. Qalanını isə pulun yerləşdiyi ölkə mənimsəyir. Məsələn, Qəddafinin 70 milyardından 1 milyardı ölkəyə qaytarıldı.Qalan pullar hara getdi, bilən yoxdu. Halbuki, onun 70 milyard pulunun xarici bankda yatırıldığı dəqiq araşdırılmışdı. Hətta ölkələr də göstərilmişdi. Qazaxıstan hökumətinin belə bir müraciət edib-etməyəcəyi məlum deyil. Hələlik ortaya qoyulanlar jurnalist araşdırmalarıdır”.
Məhəmmədəli QƏRİBLİ