“Azərbaycan bizim müttəfiqimiz deyil” – Rusiya baş nazirinin müavini
12-04-2016, 10:20
“Rusiya Ermənistan və Azərbaycana maraqlar tarazlığını gözləyərək silah satır”.
“Report” xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bazar ertəsi “Exo Moskvı” radiostansiyasının efirində deyib.
Bununla yanaşı, o vurğulayıb ki, Rusiya tərəflərdən hər hansı birinə silah satışını dayandıran kimi, onun yerini dərhal ABŞ və ya başqa dövlətlər tutacaq.
“Təsəvvür edək ki, biz bu ölkələrlə hərbi-texniki əməkdaşlığı məhdudlaşdırırıq – amerikalılar və NATO dərhal orada peyda olacaq. Siz düşünürsünüz ki, digərləri silah satışını dayandıracaq? Məsələ başqadır – biz silah tədarük edərkən dəqiq bilirik ki, müəyyən balans var və bu qabaqlayıcı amildir”, – deyə D.Roqozin qeyd edib.
Onun sözlərinə görə, digər ölkələr də bu regiona “zərbə-hücum xarakteri daşıyan silahlar” satacaqlar.
“Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz onunla hərbi-texniki əməkdaşlıq edirik. Azərbaycan bizim müttəfiqimiz deyil, lakin regionda strateji tərəfdaşımızdır, bizi onunla iqtisadiyyat üzrə çox şey bağlayır – Rusiyada böyük diasporu var. Və onlar Rusiya silahlarına görə pul ödəyirlər”, – deyə D.Roqozin bildirib.