"Rövşən Lənkəranski" Yekaterenburqu nəzarətə götürür- Ural kürd mafioz qrupların əlindən alınır

13-04-2016, 10:52           
"Rövşən Lənkəranski" Yekaterenburqu nəzarətə götürür- Ural kürd mafioz qrupların əlindən alınır
Rusiyanın Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı Mail Əliyev adlı azərbaycanlı saxlanılıb. Lent. az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Əliyevin üzərindən 4, 5 milyon rubl (təxminən 105 min manat) pul götürülüb.

İlkin araşdırma zamanı məlum olub ki, onun üstündəki pullar Yekaterinburqdakı qalmaqallı 4 saylı meyvə-tərəvəz bazasından yığılmış və “qara kassa”ya çatacaq pullar imiş. Yerli KİV-lərin yazdığına görə, əslində bu pullar “obşak” üçün yığılmış vəsait olub.

Xatırladaq ki, bir neçə gün əvvəl adıçəkilən şəhərdə yerli OMON-un restoranların birində keçirdiyi əməliyyat zamanı 200-dək azərbaycanlı saxlanılmışdı. Həmyerlilərimizin yığışdığı restoranda şəhərdəki iri ticarət obyektlərinə “smotryayuşi” seçilməliydi. Bu məqsədlə hətta “qanuni oğru” “Rövşən Lənkəranski” Merab Suxumskini Yekaterinburqa göndərmişdi. Məlumatda bildirilirdi ki, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesindəki “sxodka”da tanımış “Rövşən Lənkəranski” Ural regionuna “nəzarətçi” kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Ağayar Ağayevlə bərabər bu “post”a “Kortik” ləqəbli başqa bir azərbaycanlı - İlqar Əliyev də iddialı imiş. Amma “Lənkəranski” son anda Ağayarın namizədliyinin üzərində dayanıb.

2014-cü ilin dekabrınadək Yekaterinburqun “smotryayuşi”si “Ded Xasan” kimi tanınmış “qanuni oğru” Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və “Ded” in yaxın qohumudur. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, “Ded” in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Amma bir müddət sonra Uralda “Ded”in klanı parçalanıb. Nəticədə klanın bu regionda gəlirlərinə nəzarət edən “Trof” ləqəbli Andrey Trofimov və “Karo” ləqəbli Koroğlu Məmmədovun səlahiyyətləri də, “oğru” adı da alınıb. Bundan sonra Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və “Sverdlovsk” ləqəbi alıb. “Timur Sverdlovski” 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. “Timur Sverdlovski” milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşmasına bir müddət “Timur Sverdlovski” başçılıq edib. “Timur Sverdlovski”nin qruplaşmasında əsasən azərbaycanlı, kürd və gürcü kriminal avtoritetlər cəmləşmişdi.

“Ded Xasan”ın qətlindən bir müddət sonra onun qətlində günahlandırılan “Lənkəranski”ni aradan götürən şəxsə 5 milyon dollar mükafat vəd edilən “sxodka”da Timur Mirzoyev də iştirak etmişdi. Onlar “Rövşən Lənkəranski”nin öldürülməsi üçün “büdcədən” 5 milyon dollar ayırmağı qərara almışdılar. Bu “sxodka”dan sonra “Lənkəranski”nin guya İstanbulda güllələnməsi və öldüyü xəbəri yayılmışdı. Amma sonradan xəbərin yalan olduğu üzə çıxdı.
Son günlər “Lənkəranski”nin Uralda öz mövqelərini möhkəmləndirmək üçün cəhdlər etdiyi xəbərləri gəlməkdədir. Hələ Timur Mirzoyevin ölümündən əvvəl “Ded Xasan” klanının Urala nəzarəti itirmək üzrə olduğu bildirilirdi.

Amma Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyil ki, “Ded Xasan” klanı buranı rahatlıqla əldən verəcək. Çünki Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra “Ded Xasan” klanına rəhbərlik edir. “Şakro” “Lənkəranski” ilə açıq qarşıdurmaya getmir, amma polis “svodka”larından belə görünür ki, kriminal qruplaşmalar arasında Urala nəzarət uğrunda gərginlik yaşanır. Ağayar Ağayevlə bağlı qərarın verilməsinə OMON-un basqısı, indi isə Mail Əliyevin saxlanılması kriminal aləmdə yeni savaşın başlamasını göstərir.

Yerli diaspora liderlərindən olan Şahin Şıxlınskinin məlumatına görə, o, Mail Əliyev adlı hansısa iş adamını tanımır. “Ola bilər ki, xırda ticarətlə məşğul olur. Bunu deyə bilmərəm. Amma üzdə olan iş adamlarından olsaydı tanıyardım”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.