"Yeddi rayonu Azərbaycana qaytarsaq..." - Lavrovun İrəvan səfərinin detalları

24-04-2016, 01:11           
"Yeddi rayonu Azərbaycana qaytarsaq..." - Lavrovun İrəvan səfərinin detalları
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana 21-22 aprel tarixində həyata keçirdiyi ikigünlük səfəri olduqca gərgin atmosferdə keçib. Hər halda Rusiya KİV-ləri belə yazırlar.

Lavrovun ilk görüşü həmkarı Edvard Nalbandyanla olub. “İzvestiya” nəşrinin yazdığına görə, nazirlər ikitərəfli əməkdaşlıq haqqında danışaraq bildiriblər ki, dünya iqtisadiyyatındakı problemlərə baxmayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi praktik olaraq azalmayıb. Amma danışıqlarda Dağlıq Qarabağda baş verən son hadisələr yenə də əsas mövzu olub. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Rusiya nümayəndə heyəti Ermənistan paytaxtına Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ideyalar gətirəcək. Ancaq danışıqların nəticəsinə görə, rusiyalı naziri yalnız 1994-cü ilə bağlanmış atəşkəs sazişinə əməl etməyin vacibliyini söyləyib.

Rusiyanın “Kommersant” nəşrinin yazdığına görə, Sergey Lavrov İrəvan səfərində həmsöhbətlərini inandırmağa çalışıb ki, Moskva Azərbaycana silah satmasına baxmayaraq Ermənistanla strateji əməkdaşlıqdan imtina etmək niyyətində deyil. Nəşr qeyd edir ki, Rusiya xarici işlər naziri Ermənistan paytaxtına münaqişənin nizama salması üzrə beynəlxalq vasitəçilərlə uyğunlaşdırılan təklifləri gətirib. “Kommersant”ın məlumatına görə, söhbət ATƏT-in Minsk qrupunun irəli sürdüyü “Madrid prinsiplərinin” müasirləşdirilmiş versiyasından gedir.

Nalbandyandan sonra Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. “İzvestiya”nın məlumatına görə, danışıqlar gərgin keçib. “Bu təəccüblü deyil, çünki Dağlıq Qarabağ məsələsi Ermənistanın bütün sakinləri üçün çox ağrılıdır. Ermənistan sakinləri Sergey Lavrovun səfəri fonunda öz qorxularını bölüşdülər”, - Rusiya nəşri yazıb.

Rusiyanın İrəvandakı səfirliyindəki mənbə bildirib ki, onların Ermənistanda diplomatik işi çox çətinləşib. Mənbənin sözlərinə görə, bu onunla izah olunur ki, Moskva erməni QHT-lərini maliyyələşdirmir və onların vasitəsilə Rusiyanın mövqeyini cəmiyyətə yeritmir: “ABŞ isə müxalifyönlü QHT-ləri maliyyələşdirməklə öz maraqlarını fəal şəkildə yürüdür”.

Ermənistan sakinlərinin narahatlığı isə son vaxtlar haqqında çox danışılan “Lavrov planı”dır. KİV-in yazdığına görə, sözügedən plan Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi, həmçinin Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutur.

“Bizim indiyə qədər Azərbaycanla sülh müqaviləmiz yoxdur. 1994-cü ildə imzalanan atəşkəs sazişi çox kövrəkdir. Əgər ətraf rayonları versək, Dağlıq Qarabağ təhlükəsizlik zolağından məhrum olacaq”, - İrəvan sakinləri deyib.

“İzvestiya” danışan sakinlərin digər şikayəti Rusiya hərbçilərinin son qarşıdurmada Ermənistana kömək etməməsi ilə bağlıdır. Onlardan biri qeyd edib ki, Gümrü şəhərində 102-ci Rusiya bazası var. Daha bir baza isə İrəvanda Erebuni aeroportunda yerləşir: “Ancaq Ermənistan və Azərbaycan arasında münaqişə zamanı Rusiya qoşunları öz partnyorlarına kömək etmədi. Qarşıdurmanın başlandığı anda 90 erməni həlak oldu. Rusiyalı dostlarımız harada idilər?”./publika.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.