“Geri qayıdın, əmlakınızı və həyatınızı qoruyacağımıza söz veririk” – Bu dəfə “Taliban” keçmiş komandirlərə çağırış etdi

24-05-2022, 09:16           
“Geri qayıdın, əmlakınızı və həyatınızı qoruyacağımıza söz veririk” –
“Taliban” mühacirətdə olan Əfqanıstan siyasətçiləri və hərbçilərinin geri qayıtmaları üçün 15 maddədən ibarət qanun layihəsi hazırlayır.

Əfqanıstanın Keçmiş Məmurları və Siyasətçiləri ilə bağlı Qayıdış və Əlaqələr Komissiyası əfqan siyasətçiləri və hərbçilərinin geri qayıtdıqları təqdirdə müvəqqəti yaşayış yerlərinin nəzərdən keçirilməsi və qanuni tələblərinin yerinə yetirilməsi ilə əlaqədar müddəaları özündə əks etdirən 15 maddədən ibarət siyahısını açıqlayıb.

“Khaama Press” xəbər verir ki, siyahını “Taliban” sözçüsünün müavini İnamullah Samanqani komissiyanın rəhbəri Şahabuddin Delavara istinadən “Twitter”də paylaşıb və o, “Əfqandaxili barışıq” planının son doqquz ayda nəzərdən keçirildiyini bildirib.

Layihənin 2-ci maddəsinə uyğun olaraq, Əfqanıstanı tərk etmiş şəxslər haqqında ətraflı məlumat tərtib ediləcək. 3 və 4-cü maddələrdə qeyd olunan Komissiya Katibliyi texniki aspektlərə, habelə geri qayıdanların mühafizəsinə və müvəqqəti yaşayış yerinin təmin edilməsinə cavabdehdir.

Qanun layihəsində Əfqanıstana qayıtmaq istəyən insanların müəyyən edilməsinə və həvəsləndirilməsinə ciddi diqqət yetirilib. Qeyd olunur ki, əgər onlar geri qayıtsalar, komissiya onların əmlakını, həyatını və reputasiyasını qoruyacağına söz verib. Həmçinin lazım gələrsə, geri qayıdanların təhlükəsizliyi üçün mühafizəçilərlə təmin etməyə hazır olduqları bildirilir. Geri qayıdanlar üçün çətinlik yaranarsa, “Taliban” cinayətkarlara qarşı şəriət qanunları çərçivəsində ciddi tədbir görəcək.

Xatırladaq ki, Türkiyənin paytaxtı Ankarada keçirilən görüşdə 40-a yaxın nüfuzlu siyasətçi və hərbçi “Taliban”a qarşı müharibəni qanuniləşdirib. Milli Hərəkat Partiyasının lideri, general Əbdül Rəşid Dostumun evinə toplaşanlar bəyannamə qəbul edərək, “Taliban”la danışıqların nəticəsiz qalacağı təqdirdə müharibəyə və hərbi qarşıdurmaya keçəcəkləri barədə xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru