Irandan Qarabağdakı savaşla bağlı mövqesiz mövqe - YENİ AÇIQLAMA
26-04-2016, 10:00
İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari, aprelin 25-də jurnalistlıərlə görüşündə, Azərbaycanın erməni işğalında olan Qarabağda, tərəflərin təmas xəttində atəşkəsin ardıcıl pozulması ilə bağlı sualı cavablandırıb.
Turkustan.info xəbər verir ki, Cabiri Ənsari, “İran İslam Respublikasının Qarabağda atəşkəsin ardıcıl pozulması ilə bağlı mövqeyi və siyasəti nədən ibarətdir” sualını belə cavablandırıb: “Biz, bu qarşıdurmaların şiddətləndirildiyi ilk gündən dəfələrlə açıq şəkildə məsələ ilə bağlı mövqeyimizi bildirmiş, bu istiqamətdə bəzi diplomatik addımlar atmışıq. Bildirmişik ki, regiondakı mövcud böhranları nəzərə alaraq, tərəflər arasında çaxnaşmanın şiddətləndirilməsi bölgədə çox təhlükəli nəticələrə gətirib çıxara, sabitliyi poza bilər.
Biz, Azərbaycan və Ermənistan hökumətləri və rəsmiləri ilə istər telefon təmaslarımızda, istərsə də üzbəüz görüşlərimizdə hər iki tərəfdən istəmişik ki, aralarındakı böhranı sülh və danışıqlar yolu ilə həll etməyə çalışsınlar. Bölgədə terrorizmin genişləndirilməsi mühüm bir problemə çevrildiyi bir vaxtda, İran İslam Respublikası, münaqişə tərəflərinin istədiyi təqdirdə, böhranın həlli istiqamətində rol oynamağa hazır olduğunu bildirib. Lakin münaqişə tərəflərindən belə bir istək ortaya qoyulmayana qədər, biz iki ölkə arasındakı problemin beynəlxalq təşkilatların təşəbbüsü və yardımı ilə həll olunmasını dəstəkləyirik”.