Kriptovalyuta bazarında çöküş: İnvestisiya edənləri nə gözləyir?

14-06-2022, 00:14           
Kriptovalyuta bazarında çöküş: İnvestisiya edənləri nə gözləyir?
Bitkoindən sonra ən bahalı kriptovalyuta olan "Ethereum"un dəyəri kəskin şəkildə ucuzlaşıb.

Belə ki, sözügedən kriptovalyutanın dəyəri 1400 dollara qədər geriləyib. Bu isə "Ethereum"un son 1 il ərzindəki ən aşağı qiymətidir.

Ekspertlər hesab edirlər ki, "Ethereum"un ucuzlaşması ölkəmizdəki kriptovalyuta bazarına da öz təsirini göstərə bilər. Həmçinin, son zamanlar yaşanan bahalaşma dalğasının bu sektora da təsirsiz ötüşməyəcəyi gözlənilir.

Hətta sosial şəbəkələrdə əllərində kriptovalyuta olan vətəndaşların onları satmağa başladığına dair iddialar da irəli sürülüb.

Maraqlıdır, bunun Azərbaycandakı kriptovalyuta bazarına hansı təsirləri var? Ümumiyyətlə, son zamanlarda ölkəmizdəki kriptovalyuta bazarında vəziyyət necədir?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, "Ethereum"un qiymətinin enməsi kriptovalyuta əməliyyatlarında iştirak edən şəxslərin maliyyə itkisinə səbəb olacaq:

“Lakin hesab edirəm ki, ümumi baxımdan bunun ölkə iqtisadiyyatına mənfi təsirləri müşahidə olunmayacaq. Sadəcə bir sıra insanın maliyyə itkisi ilə üzləşməsi gözlənilir. Bu da ki, həmin şəxslərin alıcılıq qabiliyyətinə və rifahına mənfi təsir göstərə bilər”.

Ekspert vurğulayıb ki, hər bir bahalaşma insanların ehtiyyatlarını tükədir:

“Bəzən bahalaşma insanların gəlirlərini və vəsaitlərini dəyərsizləşdirir. Sözsüz ki, inflyasiya həddinin bütün dünyada artması ilə əlaqədar müəyyən insanlar əllərində olan kriptovalyutaları sataraq özlərini sığortalaya bilərlər. Yəni vətəndaşların gəlirləri aşağı düşdüyü üçün müəyyən miqdarda kriptovalyuta satışına can ata bilərlər. Son məlumatlara əsasən, ölkəmizdə 100 mindən çox insan kriptovalyutalara sahibdir. Hesablamalara görə, buradakı dövriyyə 10 milyon dolları ötüb”.

Eyyub Kərimlinin sözlərinə görə, inflyasiyanın belə tüğyan etdiyi vaxtlarda kriptovalyutaların qiyməti aşağı düşməlidir:

“Çünki insanların ənənəvi gəlirləri aşağı olur. Əslində iqtisadi qanunauyğunluğa görə də kriptovalyutaların da qiyməti ucuzlaşmalıdır. Belə böhran vəziyyətlərində insanlar panikaya düşərək əlavə gəlir yerləri axtarmağa başlayırlar. Ona görə də kriptovalyutaların qiymətləri belə hallarda süni şəkildə artırılır, sonra isə yenidən ucuzlaşır.

Ümumiyyətlə, mənim kriptovalyutalara etibarım yoxdur və onları daha çox maliyyə piramidasına bənzədirəm. Çünki onların dəyəri tələb və təklif əsasında formalaşır. Həmçinin, onların real dəyərini formalaşdıran heç bir məhsul da yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru