Avropa Komissiyası “Apple”ı 1,84 milyard avro cərimələdi
5-03-2024, 00:07
Avropa Komissiyası (AK) ABŞ-nin “Apple” şirkətini 1,84 milyard avro cərimələyib. Bu barədə AK sədrinin müavini Marqret Vestager Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. “Bu gün Avropa Komissiyası musiqi axını proqramları bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə “Apple”ı 1,84 milyard avro cərimələyib. “Apple” musiqi axını proqramı tərtibatçılarının istehlakçıları “Apple” ekosistemindən kənar musiqi almaq üçün daha ucuz variantlar haqqında məlumatlandırmaq imkanını qanunsuz olaraq məhdudlaşdırıb”, - Vestager bildirib. O vurğulayıb ki, “Apple”ın təcrübələri Avropa antiinhisar qaydalarını pozur və tətbiqin avropalı rəqiblərinin imkanlarına zərbə vurur.