ABŞ İranın dronlarını hədəf alan yeni sanksiyalar tətbiq edir
27-04-2024, 11:08
Vaşinqton Tehrana təzyiqi artırmağa çalışdığı bir vaxt, cümə axşamı Birləşmiş Ştatlar İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Sanksiyalar Rusiyanın Ukraynadakı müharibədə istifadə etdikləri də daxil olmaqla, İranın pilotsuz uçuş aparatlarını hədəf alıb.
ABŞ Maliyyə Nazirliyi bəyanatında bildirib ki, Britaniya və Kanada ilə koordinasiyalı olaraq, həyata keçirilən tədbir İranın Müdafiə və Silahlı Qüvvələrinin Maddi-Texniki Təminatı Nazirliyinin pilotsuz uçuş aparatlarının gizli satışını asanlaşdırmaq və maliyyələşdirməkdə əsas rol oynayan bir çox qurum, fiziki şəxs və gəmini hədəf alıb.
ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, İranın Müdafiə və Silahlı Qüvvələrinin Maddi-Texniki Təminatı Nazirliyi öz növbəsində İranın elit İnqilab Keşikçiləri Qvardiyasını (SEPAH) və Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyir.
"İranın Müdafiə Nazirliyi Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi, İsrailə misli görünməmiş hücumu, terrorçu proksilərə pilotsuz uçuş aparatları (PUA) və digər təhlükəli hərbi texnika tədarükünü artırmaqla regionda və dünyada sabitliyi pozmağa davam edir" - deyə, Maliyyə Nazirliyinin Terror və Maliyyə Kəşfiyyatı üzrə müavini Brayan Nelson bildirib.
Maliyyə Nazirliyi Vaşinqtonun həmçinin İran mallarının daşınması ilə məşğul olan iki şirkət və bir gəmini də hədəf aldığını bildirib.
Nelson "Birləşmiş Ştatlar britaniyalı və kanadalı tərəfdaşlarımızla sıx koordinasiya edərək İranın sabitliyi pozan fəaliyyətini maliyyələşdirənlərlə mübarizə üçün bütün imkanlardan istifadə etməyə davam edəcək" deyib.
İranın BMT-dəki missiyası məsələ ilə bağlı dərhal şərh verməyib.
ABŞ Maliyyə Nazirliyi "Sahara Thunder" adlı bir şirkəti hədəf aldığını və onu Rusiyanın Ukraynadakı müharibəsinə dəstək verən İranın Müdafiə və Silahlı Qüvvələrinin Maddi-Texniki Təminatı Nazirliyinin kommersiya fəaliyyətlərinə nəzarət edən əsas ön şirkət olmaqda ittiham etdiyini bildirib.
Nazirlik bildirib ki, şirkət İranın minlərlə pilotsuz uçuş aparatının dizaynı, inkişafı, istehsalı və satışında mühüm rol oynayır ki, onların çoxu daha sonra Ukraynaya qarşı istifadə üçün Rusiyaya verilib.