Günəşdə qəfildən qütb tac dəlikləri görünməyə başlayıb. Onların son bir neçə ildə demək olar ki, yoxa çıxdığı hesab olunurdu.
TASS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu öz rəsmi saytında məlumat yayıb.
Qeyd olunur ki, Günəşdəki qütb tac dəlikləri hələ 2021-2022-ci illərdə demək olar ki, tamamilə yox olub. Lakin son bir həftə ərzində onlar yenidən yaranmağa başlayıblar. Onlar adi tac dəliklərinə bənzəyirlər, lakin həmişə Günəş qütblərinin yaxınlığında əmələ gəlir və daha uzunömürlü olurlar.
"Bir qayda olaraq, 2-3 aydan çox mövcud olmayan adi dəliklərdən fərqli olaraq, qütb dəliyi bir dəfə peyda olduqdan sonra bir neçə il eyni yerdə müşahidə oluna bilər", - məlumatda bildirilir.
Belə bir hadisənin günəş aktivliyinin zəifləməsi ilə bağlı ola biləcəyi də vurğulanır.