ABŞ universitetlərində müharibə əleyhinə etirazlar davam edir
28-04-2024, 11:54
Birləşmiş Ştatlar boyu universitetlərdə İsrail-HƏMAS müharibəsinə etiraz edən tələbələr şənbə günü də meydan oxuyaraq, nümayişlərini davam etdirməyi vəd ediblər. Onların bəziləri daha öncə iğtişaş polisi ilə toqquşub. Bəzi universitet müəllimləri etirazçıları dağıtmaq üçün hüquq-mühafizə orqalarını çağıran universitet prezidentlərini qınayıb.
Kolumbiya Universiteti kampusda düşərgə salan fələstinliləri dəstəkləyən tələbələrlə danışıqları davam etdirdiyi bir vaxtda, universitet senatı cümə günü administrasiyanın rəhbərliyini yoxlamaq üçün işçi qrupu yaradan bir qətnamə qəbul edib. Rəhbərlik ötən həftə etirazı dağıtmaq üçün polis çağırıb, nəticədə qarşıdurma baş verib, 100-dən çox insan həbs edilib.
Universtitet düşərgənin qaldırılması üçün dəfələrlə son möhlət tarixi elan edib, daha sonra onu uzatsa da, cümə günü tələbələrə e-məktub göndərərək, bildirib ki, “bu məqamda” polisi geri çağırmaq əks-nəticə verəcək və əlavə edib ki, onlar danışıqların “bu gecə irəliləyişə dair konkret işarələr” ərsəyə çıxaracağına dair ümid bəsləyilər.
Qəzzada tələfat sayı artdığı bir vaxtda, ölkə boyu etirazçılar universitetlərin İsraillə maddi əlaqələrini kəsmələrini və münaqişənin davam etməsinə imkan yaradan şirkətlərdən investisiya vəsaitlərini geri götürmələrini tələb edir. Bəzi yəhudi tələbələr etirazların anti-semitizmə çevrildiyini və kampusa getməkdən qorxduqlarını bildiriblər.
Ölkə boyu yüzlərlə həbs ilə nəticələnən hüquq-mühafizə orqanlarını çağırmaq qərarları Kaliforniya, Corciya və Texasdakı universitetlərdə universitet heyəti üzvlərini rəhbərlikləri ilə bağlı etimadsızlıq səsverməsi keçirməyə vadar edib. Bu səsvermələr prezidenti çıxarmaq gücü olmayan simvolik addımlardır.
Ancaq gərginlik may ayında məzuniyyət mərasimləri yaxınlaşdığı bir vaxtda etirazları həl etməyə çalışan universitet rəsmiləri üzərində təzyiqi artırır.
Kaliforniya Dövlət Politexnik Universiteti, Humboldt bazar ertəsindən bəri bir binada barrikada quran etirazçılara “dərhal həbs edilmədən” binanı tərk etmələri üçün cümə günü axşam saat 5-dək vaxt verib. Həmin son möhlət tarixi artıq keçib. Bəzi etirazçılar binanı tərk etsə də, digərləri etirazlarını artırıb. Həftənin əvvəlində etirazçılar polisə müqavimət göstərdikdən sonra kampus semestrin qalan hissəsi bitənə qədər bağlanıb.
Koloradoda polis cümə günü üç universitet və kollecin yerləşdiyi Denverin Auraria kampusunda düşərgəni dağıdaraq, 40-a yaxın etirazçını qanunu pozmaq ittihamı ilə həbs edib.
Ölkə boyu etiraz dalğasına təkan verən Kolumbiya Universitetindəki düşərgəni təmsil edən tələbələr vümə günü bildirib ki, onlar administratorlar arasında çıxılmaz vəziyyət yaranıb və onlar etirazlarını davam etdirmək niyyətindədirlər.
Cümə axşamı və cümə keçirilən görüşlərdən sonra danışıqlarda iştirak edən tələbələr deyib ki, universitet onların investisiya vəsaitlərini geri götürməklə bağlı əsas tələbini qarşılamayıb, baxmayaraq ki, daha şəffaf maliyyə açıqlamaları ilə bağlı çağırışlara irəliləyiş əldə olunub.
“Biz, Kolumbiya investisiya vəsaitlərini geri götürməyənədək sakitləşməyəcəyik,” doktorant Conatan Ben-Menaçem deyib.
Kolumbiya universitetinin rəhbərliyi cümə günü tələbələrə ünvanladığı məktubda “Biz düşərgənin tələbə liderləri ilə davam edən müzakirələri dəstəkləyirik” deyib.
Universitet müəllimlərini təmsil edən senatın icraedici komitəsinin hesabatında Şafik və onun administrasiyasının “Kolumbiya Universitetinə ziyan vuran çox sayda tədbir və qərar” qəbul etdiyi bildirilib. Buna, polis çağırmaq, tələbələrin universitet heyəti ilə məsləhətləşmədən saxlanılmasına imkan vermək, tələbələrdən ibarət etiraz qruplarını yanlış təmsil etmək və şərti cəza vermək və özəl müstəntiqləri işə götürmək daxildir.
“Universitet heyəti Prezident Şafikin bu təşkilata rəhbərlik etmək qabiiyyətinə etimadını tamamilə itirib,” düşərgəni müdafiə edən universitet heyəti komandasının bir hissəsi olan fəlsəfə müəllimi Ege Yumuşak bildirib.
Universitetin sözçüsü Ben Çanq isə cavab olaraq axşam bildirib ki, “biz davam edən dialoqa sadiqik və Senatın irəli doğru yol tapmaq üçün konstruktiv fəaliyyətini yüksək qiymətləndiririk.”