Brüsseldə polis deputat köməkçisinin evində və iş yerində axtarış aparıb
30-05-2024, 11:08
Polis Rusiya təbliğatının aparılması ilə bağlı açılmış cinayət işi üzrə Brüssel və Strasburqda Avropa Parlamentinin binalarında axtarış aparıb. Bundan başqa Brüsseldə parlament əməkdaşının evinə polsi əməkdaşları gəlib.
Evi və iş yeri axtarılan şəxs ifrat sağçı Hollandiyalı deputat Marsel de Qrafın köməkçisi Guillaume Pradourundur. O, əvvəllər “Almaniya üçün Alternativ” partiyasının deputatı Maksimilian Kranın köməkçisi işləyib.
Belçika prokurorluğu açıqlamasında bildirib ki, evi axtarılan şəxsin Ukraynadakı hadisələrlə bağlı Kreml dezinformasiyaları yaydığına görə sanksiya siyahılarına daxil edilən “Avropanın Səsi” nəşri ilə əlaqələri olub.
De Qraaf “X”-də yazıb ki, heç kim köməkçisinə axtarışlarla bağlı xəbərdarlıq etməyib və polis onunla əlaqə saxlamayıb. O bildirib ki, istintaqın Avropa Parlamentinə seçkilər öncəsi “Almaniya üçün Alternativ”i hədəfə aldığına inanır.
“Avropanın Səsi”nin redaktorları Aİ-nin ittihamlarını rədd edir və onlara qarşı sanksiyaların söz azadlığını pozduğunu bildirir.