"OpenAI" "Apple" əməkdaşlarını "oğurlayır"
Bu gün, 10:24

Süni intellekt sahəsində fəaliyyət göstərən "OpenAI" avadanlıq layihələrini sürətləndirmək üçün "Apple"ın təcrübəli dizaynerlərini öz sıralarına qatmağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu proses məşhur dizayner Coni Ayv ilə başlasa da, sonradan "Apple"dan keçən yeni adlarla daha geniş bir komanda formalaşdırılmasına imkan yaradıb.
"OpenAI "bu ilin may ayında diqqətçəkən bir addım ataraq "Apple"ın əfsanəvi dizayneri Coni Ayvın təşəbbüsünü təxminən 6,5 milyard dollarlıq səhmlər qarşılığında satın alıb. Bu razılaşma ilə Ayv süni intellekt dəstəklı yeni cihaz seriyası üzərində işləmək üçün şirkətə qoşulub. Bu hadisə "OpenAI"ın avadanlıq sahəsinə ciddi investisiya yatırdığını və bunun uzunmüddətli strategiyanın tərkib hissəsi olduğunu göstərib.
Bunun ardınca "OpenAI" "Apple"dan daha bir neçə yüksək vəzifəli əməkdaşı transfer edərək güclü komanda formalaşdırmağa başlayıb. Şirkətin cazibədar təklifləri arasında 1 milyon dollardan yuxarı səhmlər paketi, daha çevik və yaradıcı iş mühiti, daha az bürokratiya və sürətli qərarvermə imkanları yer alır.
Məlumatlara görə, bu proses yalnız "OpenAI"ın təşəbbüsləri ilə formalaşmır. "Apple" əməkdaşlarının da birbaşa "OpenAI" ilə əlaqə saxladığı və Coni Ayv ilə birlikdə çalışma imkanı qazanmalarının marağı artırdığı bildirilir. "Apple"da dizayn proseslərinin son illərdə "addım-addım" şəkildə getməsindən doğan narazılıq da bu keçidlərə təkan verir.
İndiyədək baş verən keçidlər arasında ən diqqətçəkən ad "Apple"ın məhsul dizayn rəhbəri Tan Tan olub. Təxminən 25 il şirkətdə çalışan Tan "iPhone" da daxil olmaqla bir çox əsas məhsulun dizayn prosesində mühüm rol oynayıb. İndi isə Coni Ayv ilə birlikdə "OpenAI"da fəaliyyət göstərir.
Bundan başqa, "Apple"da insan interfeysi dizaynı direktoru olmuş Sirus Daniel İrani və "Apple Watch"un baş dizayneri Erik de Yonq da "OpenAI"ın yeni komandasına qatılıb. Bu transferlər şirkətin yalnız cihaz istehsalına deyil, həm də istifadəçi təcrübəsinə dair iddialı vizyona sahib olduğunu ortaya qoyur.
Bu dinamika "Apple" tərəfindən də diqqətlə izlənilir. Bildirilir ki, şirkət əməkdaşlarının "OpenAI" ilə birbaşa əlaqə qurmasının qarşısını almaq üçün bəzi tədbirlər görüb. Məsələn, Çində hər il keçirilən ənənəvi şirkətdənkənar tədbirin ləğv edilməsi belə addımlardan biri hesab olunur.
Digər tərəfdən, "OpenAI" yalnız "Apple" əməkdaşlarına deyil, tədarük zənciri partnyorlarına da maraq göstərir. Şirkətin donanım istehsalı üçün Çində fəaliyyət göstərən "Luxshare" və "Goertek" kimi iri istehsalçılarla təmas qurduğu iddia olunur. Bu şirkətlər hal-hazırda "iPhone", "AirPods" və "Apple Watch" istehsalında da rol oynayır.
Rəsmi elan edilməsə də, "OpenAI"ın üzərində işlədiyi cihazlar arasında ekranı olmayan ağıllı dinamiklər, geyilə bilən pinlər, eynəyə bənzər məhsullar və səs mərkəzli qeyd cihazları kimi fərqli konseptlər olduğu bildirilir.