Ukrayna və İsraildə həllin görünmədiyi bir vaxt Bayden daxili prioritetlərə fokuslanır
30-05-2024, 16:57
Noyabr seçkilərinə beş ay qalmış Ukrayna və Qəzzadakı müharibələrin diplomatik həlli gözlənmədiyi bir vaxt, 2020-ci ildə “əbədi müharibələrə” son qoymaq üçün kampaniya aparan prezident Co Bayden seçicilərin Amerikanın xaricdəki çətinliklərindən “diqqətini yayındıraraq”, diqqətini daxili prioritetlərə yetirir.
İsrail Qəzzada hərbi kampaniyasını davam etdirdiyi üçün ABŞ-ın geniş diplomatik səylərinə baxmayaraq, girovların azad edilməsi üçün HƏMAS-la atəşkəs əldə etmək mümkün görünmür.
Bu arada, Moskvanın işğalından təxminən iki il yarım keçsə də, Ukrayna indiyədək ərazilərini verməkdən və Rusiya ilə birbaşa danışıqlar aparmaqdan imtina edir. Stimson Mərkəzindən Emma Aşford: "Hər iki halda iddia etmək olar ki, ABŞ nəticələri öncədən düşünmədən çox fəal şəkildə cəlb olunmuşdu. İndi də biz hər iki münaqişədə dalana dirənmiş kimi bir vəziyyətdəyik. Məncə, bu, Bayden üçün problemdir".
Prezident Co Bayden bu müharibələrin heç birinə Amerika qoşunlarını göndərmək öhdəliyi götürmədi. Prezident Co Bayden: "Ukraynada döyüşən Amerika əsgərləri yoxdur. Mən bunu belə davam etdirməkdə qərarlıyam. Lakin biz Ukraynanın yanındayıq və onun yanında duracağıq".
O, aprel ayında Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dolları əhatə edən hər iki partiya tərəfindən dəstəklənən xarici yardım qanun layihəsinin qəbulunu təmin etməklə, xarici siyasətdə böyük qələbə qazandı.
Lakin o vaxtdan bəri o, mesajlarında diqqəti xarici müharibələrdən uzaqlaşdırıb. Virciniya Universitetinin Siyasət Mərkəzindən Larri Sabato: "Əgər Bayden ikinci müddət qalib gəlmək istəyirsə, bu, beynəlxalq deyil, daxili məsələlərlə bağlı olmalıdır. Belə ki, onun əsas ştatlardakı problemləri həll etmək üçün bəzi əsaslar var. Buna görə də o, seçki kampaniyasında demokratları maraqlandıran mövzulara, məsələn abort mövzusuna diqqət yetirməlidir".
Və o, bunu edir. Son həftələr Bayden təşviqat kampaniyalarını gücləndirib, çıxışlarını iqtisadiyyata yönəldib və abort hüquqlarının qorunması, tələbə borcunun ləğvi, istehlakçılar üçün gizli ödənişlərlə mübarizə və istehsalın gücləndirilməsi da daxil olmaqla, diqqətini daxili məsələlərinə yönəldib. Beynəlxalq Siyasət Mərkəzindən Mat Dass: "Aydındır ki, onlar diqqəti güclü tərəfləri olduğuna inandıqları sahələrə yetirmək istəyirlər. Amma onlar bu seçimi etmək iqtidarında deyillər. Dünya müdaxilə etməyə davam edəcək".
Ancaq son nəticədə Baydenin gündəmindəki əsas məsələlər daxili məsələlərdir. Reuters/Ipsos-un May ayında keçirdiyi sorğunun nəticələri göstərir ki, bir çox amerikalı müharibələrdən narazı olsalar da, inflyasiyanı ölkənin üzləşdiyi ən mühüm problem olaraq görür.