Rusiyada məbədlərin özəlləşdirilməsi qadağan edilib
19-07-2024, 18:44
Dövlət tarixi və ya mədəni əhəmiyyətə malik əmlaka nəzarət etmək hüququna malik olmalıdır.
Rusiyada dini təyinatlı dövlət və ya bələdiyyə əmlakının özəlləşdirilməsinə qadağa qoyulub. Müvafiq qanun layihəsi iyun ayında Rusiya Dövlət Duması tərəfindən qəbul edilib və daha sonra Prezident Vladimir Putin onu imzalayıb.
"Sənəd yalnız məbədlərə deyil, həm də ibadət üçün nəzərdə tutulan qiymətli əşyalara, məsələn, ikonalara da aid olan dini təyinatlı əmlakın özəlləşdirilməsini birbaşa qadağan edir", Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin üzvü Aleksandr Brıksin qanun layihəsini parlamentin yuxarı palatasının iyun iclasında senatorlara təqdim edərkən deyib.
Bu o deməkdir ki, dövlət dini məqsədlər üçün istifadə edilən bina və tikililəri satmayacaq və şəxsi mülkiyyətə verməyəcək. Məsələn, kilsələr, məscidlər və sinaqoqlar satıla və ya şəxsi əllərə verilə bilməz.
Sovet İttifaqının dağılmasından sonra Rusiyada dini mülkiyyətin özəlləşdirilməsi dini qurumlara keçmişdə dövlət tərəfindən müsadirə edilmiş əmlakı geri qaytarmağa imkan verib. Bu, uzun illər davam edən təqiblərdən sonra Rusiyada dini həyatın bərpası prosesinin mühüm hissəsinə çevrilib. Lakin son illər məlum olub ki, dini mülkiyyətin özəlləşdirilməsi prosesi getdikcə arzuolunmaz nəticələrə səbəb olur.
"Dini obyektlərin özəlləşdirilməsi onların sui-istifadəsinə və ya kommersiya məqsədli istifadəsinə gətirib çıxara bilər ki, bu da ilkin məqsədə ziddir. Ancaq dini obyektlər cəmiyyətin həyatında mühüm rol oynayır, və bu, mənəviyyat və mədəniyyət simvollarıdır. Biz onların adi kommersiya obyektlərinə çevrilməsinə imkan verməməliyik", Aleksandr Brıksin bildirib.
O, həmçinin qeyd edib ki, dini qurumlar dini etiqad azadlığı hüququna malikdirlər, lakin eyni zamanda dövlət tarixi və ya mədəni əhəmiyyətə malik olan əmlaka nəzarət etmək hüququ olmalıdır, çünki bu, milli irsin bir hissəsidir və xüsusi diqqət və qayğı tələb edir. Buna görə də, son nəticədə qərar dövlətin və dini qurumların maraqları arasındakı tarazlığa əsaslanmalıdır.