Trampın pis avazı, 4 ölkəyə qarşı iddia - Bu gedişlə ABŞ “dünya jandarmı” olmaq istəyəcək
Dünən, 17:59
Donald Trampın Qrenlandiyanı Amerikanın “mülkiyyəti və nəzarəti” altına keçirmək fikri qrenlandiyalıların və bu Danimarka muxtariyyətinin baş naziri Mute Egedin qəzəbinə səbəb olub.
Onun Qrenlandiya ilə yanaşı, Panama kanalının ABŞ-a verilməsini, həmçinin yarızarafat-yarıciddi şəkildə Meksika və Kanadanın ilhaqından danışması dünya birliyini heyrətləndirməkdə və əndişələndirməkdədir.
Dünyanın ən qüdrətli dövlətinin yaşı 80-ə dirənmiş başçısı bu sözləri ciddi deyirsə, faciədir, yox, zarafatla dilə gətirirsə, bu mövzuda zarafat etmək heç bir dövlət başçısına hörmət, rəğbət gətirə bilməz.
M.Eged isə Trampın sözlərini ciddiyə alıb və deyib: "Qrenlandiya yalnız qrenlandiyalılara aiddir". O, Trampın Danimarka muxtariyyətində çoxlarını təəccübləndirən paylaşımını belə şərh edib.
Danimarka dövləti də belə bir iddiadan hiddələndiyini gizlətmir. ABŞ-nin İsveçdəki keçmiş səfiri, bu yaxınlarda Tramp tərəfindən Danimarkaya səfir təyin edilmiş Ken Hoveri krallıq rəsmiləri ilə çətin söhbət aparmalı olacaq. Ola bilər, onun öz etimadnaməsini təqdim etməsinə ehtiyac qalmayacaq. Danimarkalılar o qədər qəzəblidirlər ki, diplomatik münasibətlərin səviyyəsini aşağı sala bilərlər. O zaman bu, artıq ABŞ və Avropa İttifaqı arasındakı münasibətlərdə qalmaqala səbəb olacaq.
Məsələ ondadır ki, Trampın Qrenlandiyaya iddiası yeni söhbət deyil. Beş il əvvəl, 2019-cu ilin avqustunda o, ABŞ prezidenti olarkən Qrenlandiyanı satın almağın yaxşı olacağını bildirib. Tramp hesab edirdi ki, Danimarkaya məxsus buzlu ada o ölkə üçün məsrəf və narahatlıq deməkdir, lakin ABŞ-yə fayda verə bilər. 5 il əvvəl Tramp Qrenlandiyanın alınmasını daşınmaz əmlak alqı-satqısı ilə müqayisə edib. İndiki kimi, o zaman da Danimarkanın baş naziri olan Mette Frederiksen adanın alqı-satqısı ilə bağlı müzakirələri absurd adlandırıb.
Tramp bu reaksiyadan inciyib və Kopenhagenə səfərini ləğv edib. Dövlət Departamentinin o zamankı rəhbəri Maykl Pompeo vəziyyətə müdaxilə etməyə və Danimarka hakimiyyətini heç bir şeyin iki ölkənin müttəfiqlik və çoxillik dostluq əlaqələrinə təhlükə yaratmadığına inandırmağa məcbur olub. Lakin Tramp öz sözlərinə görə üzr istəməyib.
İndi Tramp Ağ Evə qayıdıb və ABŞ-nin başqa dərdi yoxmuş kimi, öz köhnə ideyasını yenidən gündəmə gətirib. Bu, artıq nə zarafatdır, nə dinc alış-veriş məsələsidir, bu, gerçək bir ərazi iddiasıdır. Danimarkalılar məhz buna görə hiddətləniblər.
Danimarkanın mühafizəkar “Berlingske” qəzeti amerikalı siyasətçinin hazırkı bəyanatını belə qiymətləndirib: “Xor keçən dəfəki kimidir, amma melodiya fərqlidir. Tramp artıq satın almaqdan deyil, “sahiblik və nəzarətdən” danışır. Bu nədir? Təhdid? Əgər belədirsə, ABŞ nə vaxtdan NATO müttəfiqlərini belə təhdid etməyə başlayıb?”
Qrenlandiyanın ABŞ ərazisinə çevrilməsi mövzusu respublikaçı seçicilər üçün mövcud deyil. Bunu sosioloji məlumatlar da sübut edir və mətbuatda bu cür müzakirələr aparılmır. Ümumiyyətlə, belə bir rəy var ki, bu adanın varlığından az sayda amerikalı xəbərdardır. Qrenlandiyalıların da ABŞ-a qatılmaq arzusu yoxdur. Adada Danimarkadan ayrılmağı və müstəqilliyi müdafiə edən qüvvələr var. Eged özü mötədil separatçı “İnuit Ataqatigiit” (eskimo dilində -“Xalq İcması”) partiyasına aiddir. Ancaq heç bir yerli siyasi qüvvə ABŞ-dən ötrü əldən getmir.
Bu gün ABŞ-yə daxil olması bəzi amerikalılar tərəfindən qəbul edilən yeganə ölkə Puerto-Rikodur. Karib adasının sakinlərinin əksəriyyəti də tamhüquqlu ştata çevrilmək istəyir. Lakin maraqlıdır ki, “ABŞ-nin sərhədlərinin genişləndirilməsi”ndən dəm vuran Tramp Puerto-Rikonun statusunun dəyişdirilməsinə qarşı çıxıb. Prezidentin tənqidçiləri bunu ənənəvi olaraq eqoist motiv kimi qiymətləndirirlər. Puerto-Riko sakinləri arasında demokratlara simpatiya güclüdür. Ştat olmaq həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçıların rəqiblərinin əlini gücləndirərdi. Tramp isə öz növbəsində səmərəsizliyə və korrupsiyaya görə Puerto-Riko hakimiyyətini günahlandırır. Bu, onun fikrincə, üzvlüklə bağlı əsas maneədir. 2019-cu ildə bu məsələ ilə bağlı mübahisə o qədər gərgin olub ki, Trampın adanın hakimiyyət orqanlarına qarşı ittihamlarına cavab verən Puerto-Riko qubernatoru Rikardo Rosselo açıq şəkildə “bu hozunun üzünə yumruq atacağını” vəd edib.
Trampın Qrenlandiyaya qarşı iddiası Kanada və Meksika barədə fikirlərindən sonra səsləndiyi üçün artıq bir çox dairılərdə narahatlıq doğurur.
Xatırladaq ki, Tramp Kanadanı baş naziri Castin Trüdo ilə görüşündə Kanadaya ildə 100, Meksikaya isə 300 milyard dollardan çox subsidiya vediklərini deyərək bildirib: “Biz bu ölkələrə niyə subsidiya veririk? Qoy onlar subsidiyalar əvəzinə yeni ştatlara çevrilsinlər”.
Tramp həmin görüşdə Kanadanın baş naziri Castin Trüdonu Kanada ştatına qubernator “təyin edib”.
Qrenlandiya ilə bağlı qalmaqallı yazıdan əvvəl Tramp Arizona ştatının Feniks şəhərində çıxış edərkən Amerika gəmilərinin Panama kanalından keçməsi üçün rüsumları həddən artıq yüksək olduğunu bildirərək, Panama hakimiyyətinə hücum edib: “Əgər bu səxavətli hədiyyənin (1999-cu ildə kanalın Panamaya verilməsi) həm mənəvi, həm də hüquqi prinsipləri qorunmasa, o zaman Panama kanalının tam, tez və sorğu-sualsız bizə qaytarılmasını tələb edəcəyik”.
O, bunun necə ediləcəyini dəqiqləşdirməyib. Çünki Panama kanalının ərazisinin icarə müddəti başa çatıb və o, öz sahibinə qaytarılıb. İndi onu yalnız zorla geri almaq olar.
Beləliklə, adam hələ öz iş kabinetinə keçməyib, ancaq Meksika, Kanada, Danimarka və Panamaya qarşı təhqiramiz iddialar səsləndirib. Bundan başqa, Trampın Çinlə düşmənçilik səviyyəsində intriqa aparacağı hələ seçki kampaniyası dövründən məlum idi.
Bizim ölkədə hələlik Trampın zorbalıqlarını maraqla, bir az da ləzzətlə izləyirlər. Ancaq belə bir ehtimal var ki, o, başqaları ilə bu cür “atı daşlığa sürəndən” sonra bizə də deyinəcək və deyəcək ki, ermənilər Xankəndiyə qaytarılsın, onlara muxtariyyat verilsin və bu muxtariyyatın təhlükəsizliyinə nəzarət ABŞ-də olsun.
Onda biz də Puerto-Rikonun keçmiş qubernatoru kimi hiddətlənəcəyik.
Araz Altaylı, Musavat.com