Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 00:01
Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasiminə xarici ölkələrin nümayəndələri dəvət edilməyiblər.
Bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.
O, mərasimin keçiriləcəyi parlamentin iclas zalında müəyyən məhdudiyyətlərin olduğunu, seçicilər kollegiyasının üzvlərinin iştirakının, həmçinin konstitusiya orqanlarının tam təmsil olunmasının vacib olduğunu qeyd edib.
Papauaşvili mərasimin dekabrın 29-u saat 11-də baş tutacağını qeyd edib.
Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, andiçmə mərasiminə xarici ölkələrin nümayəndələrinin dəvət edilməməsinin bir neçə səbəbi var:
"Gürcüstanda hazırda hakimiyyət böhranı var. Həmçinin Salome Zurabişvili özünü hələ də Prezident sayır və vəzifəsini təhvil vermək istəmir. Ona görə də fikirləşirlər ki, yeni Prezidentin inaqurasiyası qalmaqallı ola bilər. Hətta etiraz aksiyaları da mövcuddur. Zurabişvili öz tərəfdarlarını küçələrə çıxmağa, parlamentin və prezident iqamətgahının önünü kəsməyə çağırır. Belə bir şəraitdə də andiçmə mərasimində xarici ölkələrin ölkədəki hakimiyyət böhranına, etirazçılara şahid olmasını istəmirlər. Digər tərəfdən prezidenti faktiki olaraq hakim partiya seçir. Əslində prezident nümayiş etdirmək istəyir ki, burada əsas güc hökumət, Baş Nazir və onları idarə edən "Gürcü arzusu" partiyasının sədri Kavelaşvilidir. Əks halda hakim partiya Zurabişvilini də namizəd göstərməsinə baxmayaraq özünü müstəqil və sərbəst göstərdi. Ölkədə tək güc sahibinin özü olduğunu iddia etdi. Həmçinin hakim partiyanı, onun seçdiyi hökuməti və seçkiləri tanımadı".
Politoloqun fikrincə, Gürcüstan hakimiyyəti bununla yeni Prezidentə də mesaj verilə bilər ki, səni seçən bizik, parlamentdir və inaqurasiyada iştirak edirik:
"Onlar düşünürlər ki, Prezidentin andiçməsində xarici ölkə başçıları olsa, bu, istər-istəməz onun gələcəkdə müəyyən ambisiyalara sahib olmasına gətirib çıxarar. Bunun qarşısını almaq üçün də artıq növbəti Prezidentdə də indidən Salome Zurabişvili hadisəsini yenidən yaşamamaq üçün inaqurasiyanı daha yığcam və təmtəraqlı keçirməyə çalışırlar".