İsrailin hücumu nəticəsində beş jurnalistin öldüyü bildirilir
Dünən, 16:44
Qəzzada girov saxlanılan israillilərin qohumları və dəstəkçilər 25 dekabr 2024-cü il tarixində Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinin qarşısında bütün oğurlananların geri qaytarılması üçün dərhal razılığın əldə olunması tələbi ilə keçirilən oturaq aksiyada iştirak edirlər
Fələstinli tibb işçilərinin verdiyi məlumata görə, cümə axşamı günü səhər saatlarında Qəzzanın mərkəzində Nüseyrət düşərgəsində İsrailin hava hücumu nəticəsində beş jurnalist həlak olub.
“İslami Cihad” silahlı qrupuna bağlı olan “Al-Quds Today” televiziya kanalının verdiyi açıqlamada bildirilir ki, hava zərbəsi yayım həyata keçirən yük maşınını vurub və bunun nəticəsində beş əməkdaş ölüb.
Kanal yük maşınındakıların “öz jurnalistik və humanitar vəzifələrini yerinə yetirərkən” öldüklərini bildirib.
İsrail ordusu isə öz növbəsində qüvvələrinin Nüseyrət ərazisində “İslami Cihad” terrorçularını daşıyan bir nəqliyyat vasitəsini hədəf aldığını açıqlayıb.
Çərşəmbə günü Qəzza Səhiyyə Nazirliyinin rəhbəri ərazinin cənubunda körpə bir qızın soyuqdan donaraq öldüyünü bildirib. Bu, son günlərdə soyuqdan ölən azı üçüncü körpədir.
Körpənin atası Mahmud əl-Fasih “Associated Press”ə bildirib ki, o, Xan Yunis ətrafında Muvasi düşərgəsində ailəsinin çadırını istiləşdirmək üçün yorğanla örtmüşdü.
“Çox soyuq idi və biz böyüklər belə bu soyuğa tab gətirə bilmirdik. İsti qala bilmirdik” - deyə, o bildirib.
Sila adlı körpənin gecə üç dəfə ağlayaraq oyandığını deyən atanın bildirdiyinə görə, səhər körpə “odun kimi” idi və onu sahə xəstəxanasına aparsalar da, sağ qalmayıb.
Xan Yunis şəhərindəki Nasser Xəstəxanasının uşaq şöbəsinin müdiri Əhməd Əl-Fərra bu körpənin hipotermiyadan öldüyünü və son iki gündə 1 aydan kiçik iki digər körpənin də eyni səbəbdən öldüyünü təsdiqləyib.
“Associated Press”in məlumatına görə, İsrail Qəzzaya daha çox yardımın daxil olmasına icazə verib. Dekabr ayında gündə ortalama 130 yük maşını daxil olub. Oktyabr və noyabrda gündə təxminən 70 yük maşını daxil olub. Müharibədən əvvəl isə bu rəqəm gündə təxminən 500 yük maşını idi.
HƏMAS militantları 2023-cü ilin oktyabr ayında İsrailin cənubuna hücum edərək 1200 nəfəri öldürüb və təxminən 250 nəfəri girov götürüb. Hazırda Qəzzada hələ də 100-dən çox girov saxlanılır, lakin onların ən azı üçdə birinin öldüyü güman edilir.
Qəzza səhiyyə rəsmilərin bildirdiyinə görə, İsrailin bu hücuma cavab olaraq Qəzzada həyata keçirdiyi hücumun isə 45 300-dən çox insanın ölümünə səbəb olub. Qəzza Səhiyyə Nazirliyi təqdim etdiyi rəqəmlərdə mülki şəxslərlə döyüşçüləri ayırmır.
Birləşmiş Ştatlar, Birləşmiş Krallıq, Avropa İttifaqı və digər ölkələr HƏMAS-ı terror təşkilatı olaraq təyin edib.