Təbrizdə "İran Khodro" avtomobil şirkətinin işçiləri piket keçirib

Bu gün, 08:14           
Təbrizdə "İran Khodro" avtomobil şirkətinin işçiləri piket keçirib
Təbrizdə "İran Khodro" avtomobil şirkətinin bir qrup işçisi maaşların azlığı, çətin yaşayış şəraiti və şirkətin Tehrandakı işçiləri ilə eyni səviyyədə maaş almadıqları üçün piket keçirib.

İran mediasının məlumatına görə, Şərqi Azərbaycan Əmək, Kooperasiya və Sosial Rifah İdarəsinin Əmək Münasibətləri üzrə müavini bildirib ki, Təbrizdəki bu şirkət işçilərinin maaşlarının Tehran işçiləri ilə bərabərləşdirilməsi məsələsi araşdırılır.

O, bu gün vilayət Əmək, Kooperasiya və Sosial Rifah İdarəsində zavodun sahibi, idarə heyətinin bir üzvü və işçilərin nümayəndəsinin iştirakı ilə iclas keçirildiyini bildirib və qeyd edib ki, həmin iclasda maaşların bərabərləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.

Məsul şəxsin sözlərinə görə, işçilərin nümayəndəsi də həmin iclasda iştirak edərək, aparılan işlərdən razılığını ifadə edib və maaşların tam şəkildə Tehran "İran Khodro" işçiləri ilə bərabərləşdirilməsini tələb edib.

Rəsmilər Təbrizdəki zavod işçilərinin maaşlarının Tehrandakı həmkarları ilə bərabərləşdirilməsi məsələsinin həll ediləcəyini vəd etsələr də, bu problem uzun illərdir davam edir. Son dövrlərdə zavod işçiləri dəfələrlə tətilə çıxaraq və etiraz aksiyaları keçirərək, əməkhaqlarında olan bu ədalətsizliyə son qoyulmasını tələb ediblər. 2021-ci ilin noyabr ayında zavodda etiraz aksiyası keçirilmişdi. İşçilər maaşlarının bərabərləşdirilməsini tələb etmiş, lakin məsul şəxslərin tələblərin araşdırılacağına dair verdiyi vədlərdən sonra iş yerlərinə qayıtmışdılar.

İran mediası işçilərin aksiyası barədə dəqiq məlumat yaymayıb, lakin sosial şəbəkələrdəki bəzi mənbələr etirazların 18 yanvar tarixində başladığını və davam etdiyini yazıb. İşçilərin aksiya keçirməsinin əsas səbəbləri şirkətin Tehrandakı digər işçiləri ilə əməkhaqqı bərabərsizliyi və çətin yaşayış problemləri ilə bağlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.